"İşimiz çox və çətindir, amma tədricən öhdəsindən gələcəyik" - Azər Bağırov
Yeni mövsüm Premyer Liqada çıxış edəcək “Araz-Naxçıvan” Qəbələ toplanışını başa vurub.
MediaSport.az xəbər verir ki, komandanın baş məşqçisi Azər Bağırov toplanış haqda fikirlərini bölüşüb.
“Qəbələ toplanışı məşqçilər üçün bəzi məqamlara aydınlıq gətirmək baxımından faydalıydı. Yeni dəvət etdiyimiz legionerlərin fiziki, taktiki və mental olaraq uyğunlaşması baxımından diqqətçəkən amillər oldu. Komplektləşmə baxımından işlər davam edir, komandaya qarşıdakı günlərdə yeni futbolçular qoşulacaq. İşimiz çoxdur və çətindir. Mövsümün startına çox az vaxt qalıb. Oyunlar zamanı istifadə edəcəyimiz taktiki gedişlərin futbolçular tərəfindən mənimsənilməsi lazımdır. Düzdür, ilk 1-2 həftə çətin olacaq, amma tədricən öhdəsindən gələcəyik.
Qəbələ toplanışını ikitərəfli oyunla yekunlaşdırdıq. Futbolçular onlardan nə istədiyimizi meydanda praktiki olaraq göstərməyə çalışdılar. Bəzi məqamlarda istəyimizə çatdıq, elə epizodlar oldu ki, narazı qaldıq. Xətlərarası əlaqədə çatışmazlıqlar var, ona görə də qarşıdakı günlərdə bunun üzərində işləyəcəyik.
Mövsümə 60-70 faiz hazırıq. Buraxılmış günləri mütləq kompensasiya etməliyik. Bir sözlə, işimiz çoxdur”.