"Jelezniçar"ın yarımmüdafiəçisi: "Neftçi" onlardan yaxşı klubdur"
"Son 1 ayda Bakıya 2 dəfə səfər etdik, ilk gəlişimizdə qələbə ilə ayrılmışdıq, bu dəfə alınmadı".
Bu sözləri mediasport.az saytına açıqlamasında Bosniya və Herseqovinanın "Jelezniçar" klubunun yarımmüdafiəçisi Edin Rustemoviç deyib.
Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" ilə Bakıdakı cavab qarşılaşmasından (2:0) sonra fikirlərini bölüşən 30 yaşlı yarımmüdafiəçi məğlub qayıtdıqları üçün çox məyus olduqlarını deyib: "Lakin edəcək başqa bir şey yoxdur. Bu gün "Neftçi" güclü idi. Həqiqətən çox çətin oyun oldu. Rəqibimiz yaxşı komandadır. Məğlub olsaq da, onlara növbəti oyunlarda uğurlar arzu edirəm".
Təcrübəli futbolçu I təsnifat mərhələsinin Minsk "Dinamo"su ilə Bakıda baş tutan cavab oyununu xatırladaraq qeyd edib ki, "Neftçi" Belarus klubundan güclüdür: "Əlbəttə, keçən ay burdan qalib ayrılmışdıq. Amma bu gün alınmadı. "Neftçi" onlardan yaxşı klubdur. Düzdür, hava da isti idi. Lakin bunu problem saymaq olmaz, Sarayevo da soyuq şəhər deyil. Bacardığımızı elədik. Bu gün hər şey "Neftçi" üçün yaxşı alındı. Stadiondakı atmosfer də möhtəşəm idi".