"Kabablarınız olduqca dadlıdır, adam yedikcə doymur” - Martins
“Gəncəlilər mənim üçün istiqanlı insanlardılar. Bunu özümə qarşı münasibətdən deyə bilərəm. Diqqət göstərirlər, hörmət edirlər. Oyunumla onların etimadını qazanmağa çalışıram. Hələ ki, pis alınmır. Burada günlərim yaxşı keçir. Ara-sıra ailəm də Gəncəyə baş çəkir. Bir müddət öncə vətənə döndülər. Azərbaycan mətbəxini sevirəm. Sadəcə, təamların adlarını yadda saxlamaq mənim üçün çətindir. Kabablarınız olduqca dadlıdır. Adam yedikcə doymur”.
Mediasport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in mətbuat xidmətinı açıqlamalarında Junior Martins deyib.
Gəncə təmsilçisinin brziliyalı futbolçusu geniş açıqlamalar verib.
24 yaşlı "sambaçı" indi əsas diqqətini komandaya yönəltdiini qeyd edib:
“Performansımız artıb. Xüsusilə də Adil Şükürovun gəlişindən sonra komandada irəliləyiş var. Qalib də gəlirik, uduzuruq da. Amma oyunumuzda günbəgün inkişaf müşahidə olunur. Komanda həm yaxşı oyun sərgiləməyə, həm də nəticə qazanmağa çalışır. Bu, futboldur, bəzən bəxtin gətirmir. Çempionatda qalmağa köklənmişik. Fanatlarımıza da minnətdarlığımı bildirmək istəyirəm. Həmişə bizimlədirlər, dəstək verirlər. Uduzanda da bizi tək qoymurlar. Matçlarımıza daha da çox azarkeşin gəlməsini istərdim”.
Ronaldinyo və Vinisius Junyorun fanatı dünya çempionatları tarixində bir dəfə də olsun mundialın final mərhələsindən kənarda qalmayan Braziliya millisinin indi qeyri-stabil çıxış etməsi, təsnifat mərhələsində həmyerlilərinin yaxşı vəziyyətdə olmaması və hazırda qrupda 6-cı pillədə qərarlaşmaları haqda bunları deyib:
“Braziliya millisinin parlaq tarixi var. Bəzən ən güclü komanda belə, uğur qazanmaqda çətinlik çəkir. Bir braziliyalı kimi, əlbəttə, mən də istərdim ki, komandamız mundialda çıxış etsin. Dünya çempionatına gedə bilməsək, bu, bizim üçün faciə olar. Futbol inkişaf edir. Zəif komanda anlayışı yoxdur. Braziliyanın qrupdakı rəqibləri də güclü yığmalardır. Onlar da qalib gəlmək istəyirlər”.