Nazilə İsmayılovanın ardından İsa Rüstəmov da Afrika çempionu oldu
Azərbaycanın daha bir ağırlıqqaldıranı Tunisin paytaxtı Tunis şəhərində keçirilən Afrika çempionatında qızıl medal qazanıb.
Federasiyadan "mediasport"a verilən məlumata görə, 67 kq çəki dərəcəsində yarışan İsa Rüstəmov birdən qaldırma hərəkətində 138 kq, təkanla qaldırmada 164 kq çəkini başı üzərinə qaldırıb.
Toplam 302 kq (138+164) nəticə göstərən idmançı hər üç hərəkətdə bütün rəqiblərini qabaqlayıb.
Daha əvvəl qadınlardan Nazilə İsmayılova (45 kq) Afrika çempionu olub.
Milli komandamızın başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında məlum səbəblərdən iştirak edə bilməməsidir. Tunisdə təşkil olunan yarış da Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır və Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən Azərbaycan komandasına alternativ imkan kimi bu turnirdə qüvvəsini sınamaq təklif olunub. İrəvanda yarışa bilməyən idmançılarımızın Tunisdə əldə etdikləri nəticələr Olimpiya təsnifat sistemində qeydə alınacaq.