"Karyeramı başa vuraram, amma Birinci Divizionda oynamaram"
"Birinci Divizionda oynamağı qəti düşünmürəm. Ondansa karyeramı başa vuraram".
Bu sözləri "Qəbələ" ilə ev oyunundan (0:0) sonra mediasport.az saytına açıqlamasında "Şamaxı"nın kapitanı Elvin Məmmədov deyib.
Təcrübəli yarımmüdafiəçi komandasının Premyer Liqada qalmağa layiq və lazımlı olduğunu deyib: "Burada nə qədər azərbaycanlı uşaq oynayır. Mənə nə var, yetərincə oynamışam. Deyək ki, təklif olmadı, karyeramı bitirdim. Bəs bu uşaqlar? Bu uşaqları qorumaq lazımdır. 35 turdu bu uşaqlar oynayır. Onları Azərbaycan futboluna qazandırmaq üçün bu komanda Premyer Liqada qalmalıdır".
35 yaşlı futbolçu gələcək karyerası ilə bağlı suala belə cavab verib: "Şamaxı" liqadan düşsə...Burada mənə indiyədək şans və dəstək verdikləri üçün hər kəsə minnətdaram. Təklif olsa, Premyer Liqada davam etmək istəyirəm. Lakin heç vaxt divizionda oynamaram. Bu haqda ümumiyyətlə, fikirləşməmişəm".