"Sumqayıt stadionu müəyyən mənada Elitanın matçlarını qəbul etməyə hazırdır" - AÇIQLAMA
2 gün öncə "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi Mehdi Hüseynzadə adına stadionda görülən işlərin yekunlaşdığı haqda xəbər vermişdik.
Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov Mediasport.az saytının "Stadionla bağlı verdiyiniz tapşırıqlardan sonra arenaya baxış keçirmisinizmi?" sualını cavablandırıb.
Qurum rəsmisi açıqlamasında arenanın vəziyyətinin normal olduğunu, son hazırlıq işlərinin aparıldığını deyib:
"Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna Peşəkar Futbol Liqası tərəfindən bir neçə dəfə baxış keçirilib. Hər dəfə həm yeni tapşırıqlar verilib, həm də buna qədər verilən təlimatların necə yerinə yetirildiyi inspeksiya (yoxlama) olunub. Bilirsiniz ki, fevralın 4-də arenada uzunmüddətli fasilədən sonra Premyer Liqa oyunu keçiriləcək. Bu o deməkdir ki, stadion müəyyən mənada Elitanın matçlarını qəbul etməyə hazırdır.
İlkin müşahidələrdə stadionun bəzi çatışmazlıqları var idi. Onları dəfələrlə dilə gətirdik. Klub artıq problemi aradan qaldırıb. Hazırda önəmli məsələ işıqlandırma ilə bağlıdır. Bu dəqiqə onunla bağlı işlər görülür. Stadiona bu gün səhər saatlarında da baxış keçirilib. Arenanın ümumi vəziyyəti normaldır. Hesab edirik ki, bazar günü oyunun keçirilməsi üçün ciddi sıxıntı yoxdur".
Xatırladaq ki, "Gənclik şəhəri" təmsilçisi Premyer Liqanın 21-ci turunda "Neftçi"ni Mehdi Hüseynzadə adına stadionda qəbul edəcək. Görüş fevralın 4-ü, saat 15:00-da start götürəcək.
Rövşən