"Kəpəz" stadiondan istifadəyə görə "Turan Tovuz"un pulunu ödəmir?
Məlum olduğu kimi, Gəncədə yeni stadionun inşası ilə əlaqədar “Kəpəz” bir müddətdir ev oyunlarını Tovuz şəhərində keçirir.
Mətbuatda qərb təmsilçisinin stadiondan istifadəyə görə "Turan Tovuz"a borcunun yaranması, etməli olduğu ödənişi gecikdirməsi və Tovuz klubundan pulu ödəmək üçün vaxt istəməsi haqda xəbər yayılıb.
Gəncə klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məsələ ilə Mediasport.az saytına qısa açıqlama verib. Klub rəsmisi yayılmış xəbəri təkzib edib:
"Klublar arasında əvvəlcədən əldə olunan razılığa əsasən, stadiondan istifadəyə görə icarə haqqı hər dövrənin sonunda və ya bəlli oyun sayına uyğun olaraq ödəniləcək. Bu mənada indi heç bir problem yoxdur".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 6 oktyabr 2023-cü il Sərəncamı ilə Gəncə şəhər stadionunun yenidən qurulması üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.
Arenanın 2024-cü ilin sonuna qədər təhvil veriləcəyi gözlənilir.