"Qəfəs döyüşü deyil ki, kiməsə rəhmimiz gəlsin" - Toral Bayramov
“Rəqiblər arasında fərq qoymuruq. Bütün komandalara qarşı eyni qaydada hazırlaşırıq. Yəqin, "Neftçi" ilə oyunlar Azərbaycan derbisi olduğuna görə motivasiya daha yüksək olur".
Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Toral Bayramov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Neftçi" ilə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
23 yaşlı müdafiəçi 4:1 hesablı qələbəni şərh edib, rəqibdən daha güclü müqavimət gözlədiklərini qeyd edib:
“İlk matçda böyükhesablı qələbə qazansaq da, bu, futboldur. 1/4 finalda "Sabah"ı səfərdə 7:1 hesabı ilə məğlub etdik, amma evdə 4 top buraxıb uduzduq. Hər oyuna daha yaxşı hazırlaşmaq lazımdır. Qəfəs döyüşü deyil ki, kiməsə rəhmimiz gəlsin. Güclü olan qalib gəlir. Kim çox istəyirsə, o da udur ”.
Toral finalda qarşılaşacaqları "Zirə" ilə duel haqda da düşüncələrini bölüşüb: “İki il əvvəl də finalda "Zirə" ilə üz-üzə gəlmişdik. Penaltilər seriyasında qələbə qazanmışdıq. İnanıram ki, bu dəfə də maraqlı oyun alınacaq. Ən azından azarkeşlərimiz stadionu doldurar və əsl final ab-havası yaşayarıq”.