"Dünyanın digər tərəfindən gələn təklifi dəyərləndirmək istədim"
Neftçi”nin yeni transferi Andre Şinyaşiki klubun rəsmi televiziyasına müsahibə verib.
mediasport.az xəbər verir ki, braziliyalı hücumçu əvvəlcə "ağ-qaralar"a transferi haqda danışıb.
Yaponiya əsilli cənubi amerikalı Bakı klubundan dəvət alanda çox sevindiyini deyib: “Klub haqqında əvvəlcədən məlumatım var idi. Daha sonra internet üzərindən də araşdırdım. Şəhəri çox bəyəndim. Buraya gəldiyim üçün xoşbəxtəm. Azərbaycanda çıxış etmiş tanışları olan, Qazaxıstanda oynayan bir dostumdan ölkəniz haqqında soruşdum. O, burada mənə hər şeyin yaxşı, komandanın ailə kimi olduğunu dedi”.
“Neftçi”yə ABŞ-ın “Şarlott” klubundan keçən 26 yaşlı forvard MLS-i Azərbaycan Premyer Liqasına dəyişməsinin səbəbini belə izah edib: “Həmişə Avropada çıxış etməyi arzulamışam. Bildiyiniz kimi, ABŞ çempionatında 6 ildən çox oynamışam. Düşündüm ki, artıq dəyişiklik etməyin vaxtıdır və dünyanın digər tərəfindən gələn təklifi dəyərləndirmək istədim”.
Həm sol vinger, həm də mərkəz hücumçusu mövqeyində oynaya bildiyini deyən Şinyaşiki karyerasının əksər hissəsini hücumçü kimi keçirdiyi vurğulayıb: “Sonra isə məni sol cinah hücumçusu kimi oynadıblar. Artıq bu mövqeyə də uyğunlaşmışam. Harada oynamağımın fərqi yoxdur. Əsas odur ki, komandaya köməyim dəysin”.
O, klubun azarkeşlərinə də səslənib: “Hər zaman qələbə uğrunda döyüşən bir oyunçu olacağam. Burada çempionluqlar və kuboklar qazanmaq istəyirəm. Ümid edirəm ki, bunu bacaracağam”.
Qeyd edək ki, “Neftçi” Andre Şinyaşiki ilə 2 illik müqavilə imzalayıb.