"Kəpəz"in adına yaraşan futbol oynayıb xallar qazanmalıyıq"
"Kəpəz"in kapitanı Vurğun Hüseynov Mediasport.az saytına müsahibə verib.
Milli komandaların oyunlarına görə yaranan fasiləni necə dəyərləndirdiz?
- Yeni baş məşqçimizin olduğunu nəzərə alsaq, fasilədən yetərincə yaxşı istifadə etdiymizi düşünürəm. Hər baş məşqçinin öz məşq sistemi, oyun fəlsəfəsi olur. Biz də fasilədə çalışıdıq ki, məşqlərimizi davam etdirib "Səbail" ilə oyuna tam hazır olaq.
"Səbail"lə oyunda "Kəpəz"dən nə gözləmək olar?
- Bizi "Səbail"ə qarşı çətin oyun gözləyir. Amma məqsədimiz qarşıdakı oyunlarda rəqibin kimiliyindən asılı olmayaraq, xal və xallar qazanmaqdır.
Azər Məmmədovun vaxtında əsasən zədənizi sağaltmaqla məşğul idiz. Komandanın kapitanı olduğunuzu nəzərə alsaq, yeni baş məşqçi AdilŞükürovla söhbətiniz olub?
- Azər müəllimin vaxtında ayağımda bağ qopmuşdu deyə iki ay komandadan kənarda qaldım. Hal-hazırda özümü yaxşı hiss edirəm. Bəli, Adil müəllimnən söhbətim olub. Tək mənə yox, komandanın hər bir üzvünə inanır. Oynamaq isə bizim özümüzdən asılıdır. Kim hazır olacaqsa, o da oynayacaq.
Kəpəz-də əsas problemlər meydandan kənarda baş verən hadisələrdir. Bu, komandaya necə təsir edir?
- Bizim çox yaxşı kollektivimiz var. Kənarda olanlar bizə təsir etməli deyil. Çünki biz futbolçular "Kəpəz"dən maaş alırıq. Komandanın adına yaraşan futbol oynayıb xallar qazanmalıyıq.
Nəticələrdə, yəqin ki, ev oyunlarını Gəncədən kənarda keçirməyin də rolu var.
- Təbii ki, ev oyunlarımızı Gəncə şəhər stadionunda oynamaq istərdik. Amma bizdən asılı vəziyyət deyil. Çalışacağıq öz arenamızda oynamasaq da, yaxşı nəticələr qazanaq.
Milli komandamızın AVRO-2024-ün qrup mərhələsində Belçikaya qarşı son oyunu haqda nə düşünürsüz?
- Belçikayla oyunda heç kim millimizdən qələbə gözləmirdi. Rəqib bu oyuna qrup lideri olmaq üçün çıxmışdı. Hesabın 5:0 olmağında qırmızı vərəqə almağımız da rol oynadı. Belçika kimi rəqibə qarşı 10 nəfərlə oynamaq həddindən artıq çətindir.