Milli Gimnastika Arenasında “Oyuncaqların sərgüzəştləri”

Milli Gimnastika Arenasında “Oyuncaqların sərgüzəştləri”

Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə “Oyuncaqların sərgüzəştləri” adlı əyləncəli Yeni il şousu keçirilib.

Mediasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan şoudan əvvəl fiziki imkanları məhdud uşaqların çıxışı olub.

Sonra müxtəlif nüfuzlu yarışlarda uğur qazanmış gimnastika növləri üzrə yığmanın üzvləri karyeralarını yekunlaşdırmaq üçün son dəfə səhnəyə çıxaraq gürz və halqalarda hərəkətlər nümayiş etdiriblər.

Gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev tərəfindən idmançılara xatirə plaketi və hədiyyələr təqdim olunub.

Azərbaycan gimnastlarının 2023-cü ildə əldə etdikləri nailiyyətlərə həsr olunmuş videoçarxdan sonra “Oyuncaqların sərgüzəştləri” adlı şou başlayıb. Şou müxtəlif illərin sevimli cizgi film qəhrəmanlarını bir araya toplayıb.

Hekayənin əsas personajları “Woody” və “Buzz” oğurlanmış yeni il ulduzunu qaytarmaq üçün sehrli səyahətə çıxıblar. Lakin onlar bu macərada müxtəlif maneələrlə qarşılaşmalı olublar. Ancaq "Peter Pan", “Dzin-Dzin pərisi”, “Pinokkio” və başqaları bu işdə “Woody” və “Buzz"a kömək ediblər.

Əsrarəngiz dekorasiyalar, bir-birini əvəz edən xoş musiqi nümunələri və şou iştirakçılarının maraqlı çıxışları tamaşaçılara möcüzəvi bayram ab-havası yaşadıb.