Milli komandamızın daha 3 cüdoçusu medalsız qaldı - "Masters" turniri
Azərbaycan cüdo millisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Masters” turnirinin ikinci günündə də medal qazana bilməyib.
mediasport.az xəbər verir ki, yarışda bu dəfə 3 cüdoçu mübarizəyə qoşulub.
Yalnız Səid Mollayi 81 kq çəki dərəcəsində medal əldə etməyə yaxın olub. Lakin o, 3-cü yer uğrunda görüşdə yaponiyalı Takanori Naqaseyə uduzub.
Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81) mübarizəni erkən dayandırıblar.
Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq) və Gültac Məmmədəliyeva (52 kq) uğursuz çıxış ediblər.
Zelim Kotsoyev isə xəstələndiyi üçün yarışda iştirak etməyib. 100 kq çəki dərəcəsində mübarizə aparmalı olan idmançımız yüksək hərarəti və öskürəyi olduğundan, yığmanın baş həkiminin təqdimatı, baş məşqçinin və məşqçilər heyətinin qərarı ilə yarışa çıxmayıb.