Milli komandamızın kapitanı Macarıstan çempionu da oldu

Milli komandamızın kapitanı Macarıstan çempionu da oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan çempionatının qalibi olub.

mediasport.az xəbər verir ki, təcrübəli blokçumuzun komandası "Vaşaş" finalda "Bekeşaba" klubu ilə üz-üzə gəlib.

İlk iki oyunda 3:1 və 3:0 hesabları ilə qələbə qazanan milli kapitanımızın komandası son matçı 3:0 (25:11, 25:17, 25:13) hesabı ilə öz xeyrinə başa vurub.

Beləliklə, finalın hər üç matçında qələbə qazanan "Vaşaş" klubu Macarıstan çempionu olub və ötənilki titulunu qoruyub. Klubunun da kapitanı olan Ayşən bu matçda 18 dəfə fərqlənib. O, xallardan 10-nu hücumda, 8-ni blokda qazanıb. Abduləzimova blokdakı göstəricisi qarşılaşmanın ən yaxşı nəticəsi olub.

Bu, təmsilçimizin cari mövsüm ikinci tituludur. “Vaşaş” Macarıstan Kubokunu da qazanıb.