Azərbaycan çempionunun oyunları canlı yayımlanmayacaq - RƏSMİ
Məlum olduğu kimi, futzal üzrə Azərbaycan çempionu "Araz-Naxçıvan" Çempionlar Liqasının ilkin mərhələsində ilk görüşünü keçirir.
Bu dəqiqələrdə davam edən matç, əvvəldən elan edildiyi kimi, saat 15:00-dan etibarən "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanmalı idi.
Lakin görüşün yayımı baş tutmayıb. Ümumiyyətlə, kanal Naxçıvan təmsilçisinin öncədən planlaşdırılan 2 ÇL qarşılaşmasını canlı təqdim etməyəcək.
Bu barədə mediasport.az saytına açıqlama verən Azərbaycan Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov problemin qarşı tərəfdən qaynaqlandığını bildirib:
"Bizlik və ya "CBC Sport"dan asılı olan bir şey deyil, kanal qarşı tərəflə danışıq aparıb razılaşmışdı. Demək olar, maliyyə və texniki məsələlərdə ortaq məxrəcə gəlmişdilər. Sonra oyunların keçirildiyi Latviya tərəfi yayımın 4 yox, 2 kamera ilə həyata keçiriləcəyini bildirdi. Bu da "CBC Sport"u qane etmədiyinə görə yayım alınmadi. İki oyun nəzərdə tutulmuşdu, hər ikisi ləğv edildi".
Qeyd edək ki, Azərbaycan çempionu bu dəqiqəyə olan məlumata görə Türkiyənin "İstanbul Şişli" klubunun qapısından 9 cavabsız top keçirib.