“Qarabağ”da oynamaq? Əlbəttə, ola bilər" - "Monpelye"nin vingeri
İordaniya milli komandasının əsas üzvü Musa Əl Tamari Mediasport.az saytına açıqlama verib.
Fransa Liqa 1-də “Monpelye”də çıxış edən 26 yaşlı vinger əvvəlcə dünən Azərbaycan yığması ilə keçirilən yoldaşlıq görüşü haqqında fikirlərini bölüşüb.
“Azərbaycanla oyun yaxşı alındı. Maraqlı və gərgin mübarizə getdi. Yoldaşlıq görüşlərində hər zaman baş məşqçilər nələrisə yoxlayır, sınaqdan keçirir. Yaxşı sınaq görüşü oldu. Qələbə qazansaydıq, daha yaxşı olardı. Buna baxmayaraq, hazırlıq baxımından istəyimizə çatdığımızı deyə bilərəm. Əsas komandanın planları və stabil oyun üslubudur. Fikrimcə, heyətimiz yavaş-yavaş daha yaxşı formaya düşəcək. Yeni cəlb olunan futbolçularımız çoxdur, məşqçi onları yoxlamalı, öz sisteminə uyğunlaşdırmalıdır".
Birvaxtlar Kiprin APOEL klubunun heyətində "Qraabağ"a qarşı oynamış və Ağdam klubuna transferi gündəmdə olmuş Tamari bu barədə də danışıb. O, Azərbaycan çempionunun heyətində oynamaq istəyini etiraf edib: “Qarabağ”a keçəcəyimlə bağlı xəbərlərin olduğundan məlumatım var idi. Düzdür, onlardan rəsmi təklif almamışdım. Amma söz-söhbətlər, qeyri-rəsmi danışıqlar var idi. Ətrafımdakı bəzi insanlar da mənim fikrimi öyrənmişdilər. “Qarabağ” əla komandadır. Azarkeşlərini də APOEL-lə matçlarda gördüm, əla atmosfer yaradırdılar. Komanda səviyyəsini çox qaldırıb, əla işlər görürlər. Ardıcıl 10 ildir avrokuboklarda qruplara vəsiqə qazandıqlarını bilirəm. Heyətində yaxşı futbolçuları var, baş məşqçiləri uzun illərdir komandaya rəhbərlik edir, o, klub üçün böyük addır, yaxşı işlər görür. Gələcəkdə “Qarabağ”da oynamaq? Əlbəttə ki, ola bilər. Hər şey təklifdən asılıdır. Doğrudur, indi Fransada, “Monpelye”də oynayıram. Lakin gələcəkdə “Qarabağ”da oynaya bilərəm. Yaşayarıq, görərik. “Qarabağ” bəyəndiyim klubdur, Bakı gözəl şəhərdir, insanlar çox mehribandır. Bu barədə gələcəkdə düşünəcəm".
Qeyd edək ki, Azərbaycan - İordaniya matçı yığmamızın 2:1 hesablı qələbəsilə yekunlaşıb. Tamari 90 dəqiqə ehtiyatda qalıb.