"Müraciət etdik ki, həmin görüşü təxirə salaq, bizə "yox" cavabı verildi"
"Neftçi" Azərbaycan Premyer Liqasının 2-ci turunda da qələbə qazana bilmədi.
mediasport.az xəbər verir ki, ötən tur Gəncədə "Kəpəz"ə uduzan (0:1) "ağ-qaralar" bu dəfə paytaxt derbisində "Səbail"lə bərabərə qaldılar - 1:1.
Komandanın baş məşqçisi Adrian Mutu Bayıl təmsilçisi ilə görüş haqda danışıb, ardınca jurnalistlərin suallarını cavablandırıb.
- Fiziki baxımdan bizim üçün çətin oyun oldu. Çünki komandada yorğunluq var idi. Rəqibin qapısı qarşısındakı epizodları qola çevirə bilmirdik. Oyunun ritmi bizim üçün çox yüksəkdir. Yaxşı məşq etməyə vaxt olmur. Sabah İstanbula yola düşürük. İstanbuldan qayıtdıqdan sonra bir gün fasilə ilə növbəti matça çıxacağıq. Vaxtımız olmur ki, futbolçuları oyunlara lazımi səviyyədə hazır edək. Fiziki baxımdan bizim üçün çətin perioddur.
Bu həftə "Sabah"ın çempionatdakı oyunu təxirə salındı. PFL-dən bildiriblər ki, "Qarabağ" və "Neftçi"yə də bununla bağlı təklif irəli sürülüb, imtina edilib. Bu haqda nə deyə bilərsiz?
- Bu oyunu təxirə salmaq gec idi. "Beşiktaş"la matçdan öncəki oyunu təxirə salmaq olardı. Müraciət etdik ki, həmin görüşü təxirə salaq, bizə "yox" cavabı verildi. Digər komandalara nəzər yetirsək, 5 oyun ardıcıl evdə oynayanlar var. Amma biz hər dəfə səfərə gedib-gəlməliyik. Çətin periodu adlayacağıq. Milli komandaların oyunlarına görə verilən fasilədən yararlanıb komandanın durumunu daha da yaxşılaşdıracağıq. Çoxlu enerji itirmişik. "Jelezniçar"la ev oyunundan sonra belə oldu. Növbəti mərhələ üçün bütün gücümüzü qoyduq. Ardınca sonra səfərə getdik, Gəncədə uduzub qayıtdıq. "Beşiktaş"la matçda da sona qədər mübarizə apardıq ki, bərabərliyə nail olaq. Hətta bugünkü oyunda rəqibin qapısına gəlib çatdıqda, yorğunluq görünürdü və hücumu kifayət qədər effektiv bitirə bilmirdik. Bir neçə həftədən sonra komanda daha yaxşı olacaq. Bakı yanacaqla dolduracağıq ki, qarşıdakı oyunlarda səmərəli istifadə edək.
Aaron Olanare birinci hissədə meydanda görünmədi. Onu niyə əvəzləmədiz?
- Aaronun artıq çəkisi yoxdur, sadəcə, bədən quruluşu belədir. Onu mühakimə etməyimiz düzgün olmaz. Bizimlə cəmi 3 məşq edib. Onu əvəzləyəcək digər "9 nömrə"miz yoxdur. Öncəki oyunlara nəzər yetirsəz, Andre Şinyaşiki və Ozobiçi həmin mövqedə yoxlamışam. Yeni transferləri gözləyirik. Onlar gələndən sonra daha yaxşı olacaq.
İki tura bir xal qazanmısız və növbəti turda "Sabah"la oynayacaqsız. "Neftçi"dən nə gözləmək olar?
- Onların da Belqrad səfəri var. Mənim üçün vacib olan amil odur ki, əlimdəki oyunçulara kifayət qədər zaman verim və onlar formalarını bərpa etsinlər. Başa düşürəm, hansı perioddayıq və fiziki hazırlığımız ürəkaçan deyil. Biz bunu qəbul edirik. Öz üzərimizdə işləyirik ki, milli fasilədən yaxşı istifadə edək. Hər matçda olduğu kimi, "Sabah"la oyundan da qələbə gözləmək lazımdır. Onlar yaxşı komandadır. "Beşiktaş"la oyunda ikinci hissəni çox yaxşı keçirdik. Hətta bu gün bu gün də sürəti təyin edən komanda biz idik. Baxmayaraq ki, sürət görmək istədiyim durumda deyildi. Bir neçə epizodumuz oldu, amma bəxtsizlikdən qol vura bilmədik. Hazırda komanda 50 faizini nümayiş etdirir.
Emin Mahmudov meydandan çıxanda kapitanlıq sarğısını Qara Qarayevə yox, Rəhman Hacıyevə verdi. Bunu siz istəmişdiz, yoxsa Eminin öz qərarı idi?
- Mənim tərəfimdən verilən qərar deyil, oyunçular öz aralarında danışıb qərar veriblər. Qara da meydanda idi, amma o, komandaya yeni qoşulub.
Oyunun 20-ci dəqiqəsində Qara Qarayevə nəsə deyirdiz. Ondan narazı idiz?
- Meydanda onun mövqeyinə düzəliş edirdim. Siz də başa düşməlisiz ki, Qara son zamanlar çox dəqiqə ala bilmir. O da oynamalıdır ki, istədiyi ritmə düşsün. Ondan gözləntim daha çoxdur, çünki güclü oyunçudur. Eyni şeyi Emindən də gözləyirəm. Eddi, Kilan da zədəlidir. Görünür ki, komanda yaxşı toplanış keçməyib. Biz də reallığa düz baxmalıyıq. Bilirik ki, hələ üzərimizdə işləməliyik. Sizə söz verirəm ki, qarşıdakı periodda daha yaxşı məşq edəcəyik, daha yaxşı oynayacağıq. Meydança amili də komandaya ağırlıq verirdi, istədiyimiz oyunu göstərə bilmirdik. Bu cür oyunlarda qələbə qazanmaq üçün yüksək ritm tətbiq etməlisən. Çünki rəqib 25 metrdə bütün komanda ilə müdafiədə oynayırdı. Aşağı ritmlə bu müdafiəni yarmaq çox çətin idi. Hər iki komandanın strategiyası müdafiədə dayanıb, əks-hücumlardan istifadə etmək idi. Meydanın rəqibə aid olan hissəsində çox güc sərf edəndə, özünə aid meydançanda boşluqlar buraxırsan. Üzücü məqam odur ki, bunu bilirdik və hazırlaşmışdıq. Əks-hücumların birində qapımızda qol gördük.
Son dəqiqələrdə çox əsəbi idiz. Futbolçular istədiyinizi edə bilmirdi, yoxsa səbəb başqa idi?
- Çox hirsli idim, çünki məğlub olmağı xoşlamıram. Hətta evdə oğlumla futbol oynayanda da udmaq istəyirəm. Futbolu çox sevirəm, bu idmana çox həssas yanaşıram. Görəndə ki, komandam epizodu qola çevirə bilmir, bu, məni özündən çıxarır. Bu kluba, oyunçulara inamım çox böyükdür. Bilirəm ki, onlar indikidən daha çoxunu edə bilərlər.