"Neftçi"nin tarixi klub olduğunu yaxşı bilirəm, dərk edirəm"
"Neftçi" Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində "Kəpəz"i məğlub edib (2:0).
Mediasport.az xəbər verir ki, qarşılaşma bitdikdən sonra "ağ-qaralar"da rumıniyalı Adrian Mutunu əvəz edən yeni baş məşqçi Miodroq Bojoviç mətbuat konfransında iştirak edib.
O, paytaxt təmsilçisindəki hədəflərindən və komandaya gəlişindən söz açıb.
"Neftçi" Azərbaycanda ən köklü və ən çox azarkeşə malik klubdur. Bura gələrkən nəyi araşdırdız?
- Bilirəm ki, "Neftçi" Azərbaycanın ən yaxşı və böyük tarixə malik olan klubdur. Futbolda işləmək asan deyil. "Neftçi"də hansı hədəflərin olduğunu bilirəm. Qarşıya qoyulan məqsəd çempionatı minimum ikinci bitirmək və kuboku qazanmaqdır. Buna nail olmaq üçün yaxşı futbol oynamaq lazımdır.
"Neftçi"də sizə tanış olan bir çox futbolçular var. Rezuan Mirzov, Emin Mahmudov, Azər Əliyevi Rusiya Premyer Liqasından tanıyırsız. Onlara lider kimi güvənəcəksiz?
- Bəli, Rusiyada işlədiyim üçün bu üç futbolçunu yaxşı tanıyıram. Hər üçü də keyfiyyətli oyunçulardır, nəyə qadir olduqlarını bilirəm. Hər gün özünü sübut etməlisən. Düşünürəm ki, bunun öhdəsindən gələ biləcəyik.
Qışda tanıdığınız, bildiyiniz oyunçulardan kimisə gətirməyi planlaşdırırsız?
- Mən komandaya hələ yeni gəlmişəm. Təbii ki, hər "transfer pəncərəsi"ndə komanda güclənməlidir. Yəqin ki, danışıqlar olacaq. Amma bunu rəhbərliklə və idman direktoru ilə danışacağıq. Bu haqda hələ heç nə deyə bilməyəcəm.
Rusiya mətbuatına açıqlamanızda demisiz ki, "Zenit" nə edirsə-etsin xalqın komandası "Spartak"dır. Azərbaycanda da xalq komandası "Neftçi"dir, amma son vaxtlar "Qarabağ"ın uğurları var. "Neftçi"yə bu adı geri qaytara biləcəksiz?
- Ümid edirəm ki, azarkeşləri yenidən tribunalara qaytaracağıq. "Neftçi"nin necə tarixi klub olduğunu yaxşı bilirəm, dərk edirəm. Düşünürəm ki, yaxşı futbol oynasaq, azarkeşlər tribunanı dolduracaq.