"Ayxan müəllim mənə deyir ki, "Artırmalısan, böyüməlisən"
"Əlbəttə, Azərbaycanın əsas milli komandasına dəvət almaq və oynamaq istəyirəm, amma yekun qərarı mən vermirəm. Şəxsi hədəflərim daha da inkişaf etmək, milli komandanın formasını geyinməkdir. Avrokuboklarda oynamaq, titullar qazanmağı arzulayıram".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Turan Tovuz"un yarımmüdafiəçisi Ayxan Quseynov deyib.
Gənc futbolçu hələ çox çalışmalı olduğunu söyləyib:
"Hələ çox artırmalıyam. Bunu Ayxan müəllimlə də danışırıq. Mənə deyir ki, "Ayxan, çox artırmalısan, böyüməlisən". Bu məsələdə Ayxan müəllimin yanındayam, ona çox inanıram və dediklərinə qulaq asıram".
25 yaşlı vinger qışdan sonra daha yaxşı çıxış etdiklərini düşünür:
"Qış fasiləsində yaxşı təlim-məşq toplanışı keçirtdik. Özümüzü yaxşı hiss edirdik, hazırlıqlıydıq. Məncə, hazırda oyunlarda da az səhvlər edirik. Ən vacib olan da budur. Qış toplanışından sonra qapımızda az top görmüşük".
Quseynov Premyer Liqada hər an yuxarı pillələrə qalxa biləcəklərini qeyd edib:
"Qarabağ"ı çıxsaq, bütün komandalar bir-birinə yaxındır. Bu da çox maraqlı məqamdır. Hansısa komanda ardıcıl 2 oyun qələbə qazansa, 2-ci və ya 3-cü pilləyə yüksələ bilər. Əlbəttə, əgər şans varsa, hər bir futbolçu avrokuboklarda oynamaq istəyər".
Rövşən ƏLİSOY