“Örebro”nun oyunlarını izləmişik, uda biləcəyimiz komandadır" - KAPİTAN
“Hər şey qaydasındadır. 4 futzalçımız zədəli idi, onlardan 3-ü - Ramiz Çovdarov, Katatau və Sinese bizə kömək edə biləcək. Atmosfer də yaxşıdır. Baş məşqçinin dediyini düzgün yerinə yetirə bilsək, yekun da istədiyimiz kimi olacaq.
mediasport.az xəbər verir ki, bu sözləri axşam Çempionlar Liqasında mübarizəyə başlayacaq "Araz-Naxçıvan"ın kapitanı Fərid Ələkbərov deyib.
O, İsveç təmsilçisi "Örebro" ilə görüşdə qalib gələcəklərinə inandığını deyib:
- Baş məşqçi bizdən oyun intizamını qorumağı və məşq prosesində taktiki planda etdiklərimizin icrasını istəyir. Məşqdə dediklərinin 80 faizini oyunda yerinə yetirməyimizi istəyir. Biz hətta onun istədiklərinin 50 faizini icra edə bilsək, kifayət edəcək. “Örebro”nun oyunlarını izləmişik. Uda biləcəyimiz komandadır. Təbii ki, bunun üçün “Araz-Naxçıvan” öz oyununu oynamalıdır. Arxayınlaşmaq olmaz. Kapitan kimi ilk beynəlxalq rəsmi oyunumdur. Yaxşı kollektivimiz var. Son məşqimizi də keçdik. Artıq matçın başlamasını gözləyirik. Ancaq qələbə qazanmaq haqda düşünürük. İnşallah ki, bunu bacaracağıq.
"Araz-Naxçıvan" - "Örebro" matçı Bakı vaxtilə saat 19:30-da başlanacaq.