PFL bu 2 rayonun stadionuna yollanıb şəhər və klub rəhbərliyi ilə görüşdü
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Ağsu və Yevlaxa səfər edib.
MediaSport.az xəbər verir ki, PFL-in texniki-idman direktoru Elgiz Abbasovun da qatıldığı səfərin ilk dayanacağı Ağsu rayonu olub.
Burada rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov və I Liqada debütə hazırlaşan “Difai Ağsu” klubunun rəhbərliyi ilə görüş keçirilib. Qarşılıqlı fikir mübadiləsi aparılıb, atılmış və planlaşdırılan addımlar müzakirə edilib. Ardından klub rəhbərliyi ilə birgə stadiona baxış keçirilib. İşlərin gedişindən məmnunluq ifadə edilib və müəyyən qeydlər diqqətə çatdırılıb.
Yevlax şəhərinə səfər zamanı İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, eləcə də 1-ci Liqaya dönüş edən Azərbaycan futbolunun tarixi klublarından olan “Karvan” klubunun rəhbərliyi ilə görüş keçirilib. Görüşün ardından klub rəsmiləri ilə birgə Yevlax Şəhər Stadionuna baxış keçirilib. Stadionun durumu, eləcə də tikilməkdə olan baza haqda məlumat verilib. Görülən işlər qənaətbəxş hesab edilib və PFL rəsmiləri tərəfindən tövsiyələr verilib.