Pis təsir bağışlamırıq, sadəcə, fərdi səhvlərimizə görə qollar buraxırıq"

Pis təsir bağışlamırıq, sadəcə, fərdi səhvlərimizə görə qollar buraxırıq"

"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev Mediasport.az saytına müsahibə verib.


Milli komandaların oyunlarına görə yaranan fasiləni necə dəyərləndirdiz, hansı çatışmazlıqları aradan qaldıra bildiz?

- Fasilə bəzi komandaların xeyirinə, bəzilərinin ziyanına olur. Bizim üçün fasilədə zədəli futbolçularımızın bərpası önəmli idi. Əlavə olaraq indiyə qədər keçirdiyimiz oyunları analiz edib səhvlərimiz üzərində işləyirik.

Növbəti oyun "Qəbələ"yə qarşı olacaq. Həm siz, həm də onlar neçə turdur, qələbə qazana bilmir. Şansları necə dəyərləndirirsiz?

- Bizi ağır səfər oyunu gözləyir. Rəqib son ildə Avropa Konfrans Liqasında çıxış edən komandadır. "Qəbələ" qələbə qazanıb "qara zolaq"dan çıxmaq istəyir. Rəqibimizin oyunlarına baxmışıq. Çalışacağıq ki, matça qədər yaxşı forma yığıb qələbə qazanaq.

Komandanız yaxşı oynasa da, qələbə qazana bilmirsiz - əsas səbəb kimi nəyi qeyd edə bilərsiz?

- Son oyunlarda pis təsir bağışlamırıq. Sadəcə, fərdi səhvlərimizə görə qollar buraxırıq. Rəqiblərimiz bizi yaxşı analiz edir. Çalışırıq səhvləri aradan qaldıraq, qələbələr qazanaq.

Qış fasiləsinə az qalıb. Minimum hansı yeri hədəf tutmusuz?

- Çempionat maraqlı gedir. Hər komanda bir-birindən xal ala bilir. Hədəfimiz bacardığımız qədər yuxarı pillədə qərarlaşmaqdır.

Millinin seçmə mərhələdəki çıxışını necə dəyərləndirirsiz?

- Belçikaya məğlub olmağımıza baxmayaraq, İsveçə qarşı gözəl futbol oynadıq. Gənclər və ölkə xaricində çıxış edən futbolçularımız çoxluq təşkil edir. Bu amillər milli komandamızın xeyirinədir. Real danışsaq, sonuncu yerdə olmamaq uğrunda mübarizə biz və Estoniya milliləri arasında idi. Digər rəqiblərimiz çox güclü komandalardır. Futbolçular bütün oyunlarda əllərindən gələni etdilər.

Canni De Byazinin seçimləri hər zaman tənqid olunur. Onun siyahısına düşə bilməyənlərdən biri də sizsiz.

- Baş məşqçinin seçiminə hörmətlə yanaşıram. Biz futbolçular daim formada olmağa çalışırıq. De Byazi çempionatdakı oyunları izləyir, kim layiqdirsə, dəvət edir. Milliyə dəvət almırıqsa, bütün fikrimizi klubumuza veririk. De Byazinin işinə AFFA qiymət verməlidir.