Premyer Liqa təmsilçisi Avropa Klublar Birliyinə üzv seçildi
"Sumqayıt" Futbol Klubu Avropa Klublar Birliyinə (ECA) üzv seçilib.
MediaSport.az xəbər verir ki, bu barədə qurumdan kluba rəsmi müraciət daxil olub.
Bildirilib ki, klub Birliyin 2023-2027-ci il tsikli üçün Assosiativ üzvlüyə qəbul edilib.
Həmçinin qeyd olunub ki, "Sumqayıt" qurumun sentyabrda baş tutacaq Baş Assambleyasına dəvət olunacaq.
Məlumat üçün bildirək ki, Assosiativ üzvlərin ECA-nın Baş Assambleyasında iştirak etmək də daxil olmaqla, çox geniş hüquqları var. Onlar müxtəlif bölmələrə rəhbərlik üçün namizədlər irəli sürmək, səsvermələrdə iştirak etmək, həmçinin ECA-nın müxtəlif məşvərət orqanlarına (məsələn, İşçi qruplar) müraciət etmək hüququna malikdirlər.
Qeyd edək ki, 2008-ci ildən fəaliyyətə başlamış ECA UEFA və FİFA tərəfindən tanınan yeganə klublar birliyi platformasıdır. Birliyin hazırda 330 üzvü vardır ki, bu klublar UEFA-nın 55 futbol assosiasiyasının təmsilçiləridir.
Azərbaycan klublarından "Neftçi", "Qarabağ" və "Qəbələ" hazırda qurumun üzvləridir.