"Qarabağ" avrokuboklarda tarix yazmağa davam etmək istəyir" - Dünyaca məşhur ispan qəzeti
İspaniyanın dünyaca nüfuzlu nəşri "Marca" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində bu gün Almaniyada keçiriləcək “Bayer” - “Qarabağ” matçı barədə reportaj dərc edib.
Mediasport.az xəbər verir ki, yazıda Qurban Qurbanovun komandasının yeni tarix yazmasının mümkünlüyü qeyd olunub.
Məqalədə ötən həftə komandalar arasında baş tutmuş və 2:2 hesabı ilə yekunlaşmış duelə də yer verilib:
"Qarabağ" bu mövsüm bütün yarışlarda heç vaxt uduzmayan Avropanın yeganə komandasının məğlubiyyətsiz seriyasını son qoymağa yaxını idi. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Bakıda 2:0 hesabı ilə öndə olsa da, Virts və Şik “Bayer”i məğlubiyyətdən xilas etdi. Şabi Alonsonun komandası ilk oyundakı 2:2 hesablı heç-heçədən sonra mərhələ keçmək üçün bu axşam yaxşı nəticə əldə etməli olacaq. Lakin onları heç də asan oyun gözləmir".
İspanlar Azərbaycan çempionunun Çempionlar Liqasının 2017/18-ci illər mövsümünün qrup mərhələsində "Atletiko" ilə oyunlarını (1:1, 0:0) yenidən xatırlayblar:
"Madrid klubunun qrupdan çıxmasına mane olaraq hər kəsi təəccübləndirən "Qarabağ" avrokuboklarda tarix yazmağa davam etmək istəyir. 1/8 final "Qarabağ" üçün debütdür, lakin indi onlar da 1/4 final arzusundadırlar".