"Qarabağ" açıqladı: Daha bir məşhur sima Azərbaycana gəlir
“Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak edəcək daha bir qonağın adı məlum olub.
Mediasport.az xəbər verir ki, tanınmış idman şərhçisi David Qarrido “Qarabağ”ın dəvəti ilə ölkəmizə gəlir.
“Sky sports”dakı şərhləri ilə milyonların sevimlisi olan aparıcı alyansı yaradılması ilə bağlı tədbirdə iştirak edəcək.
İngilis və ispan dillərində şərhçilik bacarığına malik böyük britaniyalı bu sahədə 20 ildən artıq təcrübəyə malikdir.
O, COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunacaq alyansın yaradılması tədbirində aparıcı olacaq.
Qeyd edək ki, “Qarabağ”, həmçinin “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbağça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Portu” (Portuqaliya), “Flamenqu” (Braziliya) və “Malmö”nün (İsveç) yer alacağı alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın "Nəsimi" zalında baş tutacaq.