Qubada kross qaçışı üzrə yaz Azərbaycan çempionatı keçirilib
Qubada Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə kross qaçışı üzrə yaz ölkə çempionatı keçirilib.
Mediasport.az xəbər verir ki, yarışda respublikanın müxtəlif bölgələrindən atletlər mübarizə aparıblar
Azərbaycan birinciliyində paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Naxçıvan, Sumqayıt, Xızı, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Beyləqan, Bərdə, İsmayıllı, Gədəbəy və Naftalandan 200-dən artıq atlet iştirak edib.
Kişilər arasında 10 km məsafəyə qaçışda Bərdə təmsilçisi Bəxtiyar Əsgərli ölkə çemponu olub.
6 km məsafədə İsmayıllı idmançısı Valeri Qrubskiy, 3 və 2 km-də isə müvafiq olaraq Gəncə atleti İsgəndər Əsgərovla Naxçıvan təmsilçisi Namiq Babayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qadınlar arasında 6 km məsafəyə qaçışda Anna Yusupova bütün rəqiblərini geridə qoyub.
4 km-də Leyla Abduləzizova, 2 və 1 km məsafələrdə isə paytaxt təmsilçiləri İlahə Quliyeva və Nila Heydərova yarışın qalibi adını qazanıb.