"Fərqindəyik, oyunun nə qədər vacib olduğunu dərk edirik" - MUSA

"Fərqindəyik, oyunun nə qədər vacib olduğunu dərk edirik" - MUSA

"Artıq 5 gündür buradayıq, hər gün məşqlərimiz olur. Bu, bizim üçün çox vacib matçdır. Taktiki və mental cəhətdən oyuna köklənirik. Layiqli oyun göstərmək və nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Mediasport.az xəbər verir k, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Musa Qurbanlı deyib.

Yığmamızın hücumçusu UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah Qəbələdə Estoniya ilə keçiriləcək matç haqqında fikirlərini bölüşüb.

22 yaşlı forvard daha sonra jurnalistlərin suallarını cavablandırıb:

D Liqasına yuvarlanmaq təhlükəsi var. Komandanın üzərində bunun təzyiqi hiss edilir?

- Əlbəttə ki, fərqindəyik. Oyunun nə qədər vacib olduğunu dərk edirik. Yalnız qələbəyə köklənmişik.

Bu mövsüm qol vurmamısan. Səbəbi nədir?

- Mövsümün əvvəlində zədələndim, əməliyyat olundum. Oynamağa təzə başlamışam. Optimal formamı bərpa etdikdən sonra qollar vurmağa başlayacam.

Fernandu Santuş milliyə gələndən nəticələr dəyişmir, milli yenə uduzur. Dəyişən nəsə var?

- Hər məşqçinin öz fəlsəfəsi var. Fernandu Santuş böyük məşçidir. Bu, mənim onunla ilk toplanışımdır. Biz də onun fəlsəfəsinə alışmalıyıq. Bunu meydanda yüz faiz edəndən sonra nəticələr daha yaxşı olacaq.

"Yurqorden" karyeran uğurlu alınmadı. Bunun təsiri üzərində qalıb?

- Əlbəttə ki, bunu normal qarşılayıram. Mental olaraq asan deyildi. Bilirdim ki, məndən gözləntilər böyükdür. Çalışıram ki, bunu müsbət tərəfə aparım. Hər futbolçunun karyerasında çətinliklər olur. Bu, normaldır. Bunlardan dərs çıxarmalıyam. Hələ gəncəm, karyeramın başındayam. Düşünürəm ki, Avropada olmaq mənim üçün yaxşı təcrübə oldu. Çalışıram ki, gələcəkdə daha yaxşı olum.