FHN-in mini futbol komandası Heydər Əliyev turnirinin qalibi oldu
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş və dövlət idarələri və qurumlar arasında keçirilən mini futbol turniri başa çatıb.
mediasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Mini Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda dövlət qurumlarının 50-dən çox komandası iştirak edib.
2022-ci ilin noyabrında start götürən turnirin həlledici oyununda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Fövqəladə Hallar Nazirliyinin (FHN) kollektivləri qarşılaşıb. Qarşılaşmanın əsas vaxtı qolsuz heç-heçə ilə nəticələnib. Penaltilər seriyasında isə daha dəqiq oynayan FHN komandası turnirin qalibi adını qazanıb. Beləliklə, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnirin çempionu FHN, ikinci yeri DTX, üçüncü yeri isə SOCAR tutub.
Mükafatlandırma mərasimində medal və mükafatları gənclər və idman naziri Fərid Qayıbov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov, Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cuda və digərləri təqdim ediblər.
Turnirin ən yaxşı oyunçusu Əli Səfərov (DTX), bombardiri Səttar Qədirov (33 qol, FHN), ən yaxşı qapıçı Yəhya Nağıyev (FHN) seçilib, “fair-play” nominasiyasında Xarici İşlər Nazirliyinin komandası mükafatlandırılıb.