“Bu, "Qarabağ”ın müdafiəsinə çətin anlar yaşadacaq" - Azərbaycanda forma geyinən portuqaliyalı qapıçı
"Braqa" cütün favorit sayılır, ancaq onlar "Qarabağ"la oyuna ciddi yanaşmalıdırlar. Azərbaycan klubu ilə matçın asan olacağını düşünürlərsə, yanılırlar".
Mediasport.az xəbər verir ki, bu sözləri Portuqaliya mətbuatına açıqlamasında "Zirə"nin qapıçısı Tyaqu Silva deyib.
Portuqaliyalı qolkiper UEFA Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaq kollektivlər barədə fikirlərini bölüşüb, gözləntilərini açıqlayıb:
"Qarabağ"ın doğma meydanda yaxşı nəticə qazanmaq şansı daha çoxdur. Çünki "Braqa" Bakıya yorğun gələcək. Azərbaycana məsafə uzundur. Adətən səyahət 9-10 saat çəkir. Son bir neçə gündə Bakıda hava yaxşılaşıb, lakin hər an küləkli gün ola bilər. Bu isə bir çox çətinliklər yaradır. Soyuqa dözmək olur, ancaq küləkli hava çətindir. Bizdə elə oyunlar olur ki, topu irəli vurursan, geri qaydır. "Qarabağ" - "Braqa" matçı belə bir gündə olsa, həmyerlilərim çətinlik çəkəcəklər".
24 yaşlı "çərçivə" qoruyucusu bildirib ki, Qurban Qurbanovun komandası avrokuboklarda fərqli oynayır: "Qarabağ" liqada daha çox dominantlıq, topa nəzarət edir, hücumlar qururlar. Avropada isə əks-hücumlarda çox güclüdürlər, irəlidə sürətli oyunçuları hesabına pressinq və hücum edə bilirlər. Fikrimcə, onlar “Bayer”ə qarşı olduqları kimi çox qapalı oynayacaqlar. Belə olan halda “Braqa” topla cəld işləməli olacaq. Amma "Qarabağ"lılar yüksək intensivliyə öyrəşməyiblər. Əgər oyun sürətlənsə və top sürətlə qaçan bir oyunçudan digərinə keçirsə....
Onlar buna öyrəşmirlər. Portuqaliyada 30 intensiv tur var, burada belə deyil. “Qarabağ”ın bizə, “Sabah”a və “Neftçi”yə qarşı daha gərgin oyunları olur. Digər komandalar isə çox qapalı və ləng oynayırlar. “Braqa” Superliqada ən yaxşı hücum quran komandalardandır və bu, “Qarabağ”ın müdafiəsinə çətin anlar yaşadacaq".
Zirə təmsilçisinin legioneri ölkəmizdə yaşamaqdan, karyerasından razı qaldığını vurğulayıb. Silva deyib ki, Azərbaycanda futbol atmosferi yaxşı, pozitiv və sağlamdır:
"Düzdür, Portuqaliyadakı qədər rəqabət yoxdur. Amma əla ab-hava mövcuddur. Məsələn, bizdə bütün komandalar üçün məşq kompleksi var. Şənbə günü bir rəqiblə oynayırsan, həftə ərzində isə onlarla yan-yana yerləşən meydanda məşq edirsən. Klublar arasında yaxşı münasibətlər var. Hamı “Qarabağ”a möhtəşəm Avropa kampaniyasında dəstək olur".