"Qəbələ"dən təqdirəlayiq addım

"Qəbələ"dən təqdirəlayiq addım

“Qəbələ” İdman Klubu və "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə internat şagirdlərinin cəmiyyətə inteqrasiyasına dəstək olmaq məqsədilə görüş keçirilib.

Klubdan Mediasport.az saytına verilən məlumata görə, Buzovnada yerləşən 8 nömrəli inteqrasiya təlimli internat məktəbində təşkil olunan tədbirdə “Qəbələ” İK-nin ümumi işlər üzrə koordinatoru Səbuhi Qarayev, klubun Media və Marketinq Departamentinin rəhbəri Asəf Zeynallı, "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin sədri Araz Əhmədov və əsas komandanın futbolçuları – Urfan Abbasov, Lukas Afriko, Əyyub Allaş, Ülvi İsgəndərov, Kristof Atanqana iştirak ediblər.

Onlar məktəblilərlə görüşüb və xatirə şəkilləri çəkdiriblər. Tədbir zamanı futbolçularla oynayan uşaqlar topla öz istedadlarını nümayiş etdiriblər. “Qəbələ” İK-nin Futbolda Sosial Məsuliyyət strategiyası çərçivəsində təşkil olunan görüşdə fərqlənənlərə hədiyyələr təqdim edilib.

Klubun sosial layihələrə hər zaman xüsusi önəm verdiyini vurğulayan ümumi işlər üzrə koordinator Səbuhi Qarayev internat uşaqlarının cəmiyyətə inteqrasiyasına dəstək olmağın vacibliyini qeyd edib.

“İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin sədri Araz Əhmədov isə məktəblilərin bu cür layihələrdə iştirakının, onların dünya görüşünün, fiziki, psixoloji və mənəvi sağlamlığının artırılmasında önəmli rol oynadığını bildirib.