"Qəhrəman yox, xoşbəxtəm, çünki qələbəyə kömək edə bildim"
“Azərbaycan çempionatı Portuqaliyada öyrəşdiyimdən fərqli, amma eyni dərəcədə rəqabətli və cəlbedici liqadır”.
Mediasport.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın futbolçusu Nunu Rodrigeş klubun mətbuat xidmətinə müsahibəsində deyib.
Yay fasiləsində ölkəsinin “Kovilya” klubundan transfer edilən portuqaliyalı vinger Azərbaycan Premyer Liqası barədə müsbət fikirlər səsləndirib: “Premyer Liqanın öz özəlliyi var. Portuqaliya ilə müqayisədə əsas fərq burada komandaların oyun üslubunun başqa olmasıdır”.
“Araz-Naxçıvan” Premyer Liqanın VIII turunda “Zirə”ni məhz Rodrigeşin yeganə qolu sayəsində məğlub edib. Həmin qarşılaşmanı dəyərləndirən 28 yaşlı oyunçu mübarizənin gərgin alınacağını öncədən gözlədiklərini söyləyib: “Çünki qarşımızdakı komanda turnir cədvəlinin zirvəsində yer alırdı. Hazırlığı buna uyğun görmüşdük. “Zirə”nin oyun üslubu da fərqli idi. Bizə isə yaxşı oynamağımıza rəğmən, yenildiyimiz “Səbail”lə matçdan sonra mütləq qələbə qazanmaq lazım idi. Səbirlə oynadıq, az səhv etdik və lazım olan qolu vurduq”.
Komandasına qələbə qazandıran hücumameyilli futbolçu özünü qəhrəman hesab etmir: “Futbol komanda oyunudur və biz kollektiv olaraq bu qələbəni qazandıq. Qolu mən vurdum, amma ona qədər neçə futbolçumuz əziyyət çəkdi. Abdulla Rzayev cinahı təkbaşına yardı və topu mən olan nöqtəyə qədər daşıdı. Qəhrəman yox, xoşbəxtəm, çünki qələbəyə kömək edə bildim, liqada ilk qolumu vurdum. Ən yaxşı oyunlarımızdan birini keçirdik. Kiminsə əməyini itirmək, qiymətləndirməmək olmaz”.
O, komandasının cari mövsümdəki çıxışını yüksək qiymətləndirib: “Mövsümün əvvəlindəki vəziyyətimizi hər kəs bilir, yenidən onları sadalamaq istəmirəm. Bu günə qədər baş verənləri təhlil etsək, müsbət dinamika və inkişaf edən “Araz-Naxçıvan” görərik. Ancaq bununla kifayətlənmək olmaz. İnkişaf daimi və davamlı olmalıdır”.
Nunu Rodrigeş IX turda “Sabah”la keçiriləcək səfər görüşündə qələbəni hədəflədiklərini əlavə edib: “İndiyə qədər keçirdiyimiz oyunların hamısı çətin keçib. Bu görüş də istisna deyil. Ancaq baş məşqçimiz heç vaxt bizə heç-heçə etmək tapşırığı verməyib. Digər oyunlara qələbə istəyi ilə çıxdığımız kimi, bu dəfə də 3 xal qazanmaq üçün səfərə yollanacağıq. İstəyirik dövrəni major notlarla yekunlaşdıraq və millilərin oyunları ilə bağlı yaranacaq fasiləyə müsbət əhvalda yollanaq”.
Qeyd edək ki, “Araz-Naxçıvan” hazırda 13 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Bu komandanın “Sabah”la matçı oktyabrın 7-də keçiriləcək.