"Qurbanov Azərbaycan futbolunu çiyinlərində daşıyan adamdır, Rəşad Sadıqov yığmada baş məşqçi olsa, nəticə də olacaq"
Azərbaycan Minifutbol Federasiyasının vitse-prezidenti, "Zirə" futbol klubunun prezidenti Taleh Nəsibov Mediasport.az saytına eksklüziv müsahibə verib.
İlk dəfə iştirak etdiyiniz minifutbol üzrə dünya çempionatında Azərbaycan milli komandası 4-cü yeri tutdu. Bu barədə fikirləriniz maraqlıdır.
- Milli komandanın dünya çempionatına hazırlığı üçün çox vaxt ayırmışdıq. Buna həm təlim məşq toplanışını, həm sona qədər maraqla keçən Azərbaycan çempionatını, həmçinin ötən il Bakıda Ümumilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunmuş beynəlxalq turnirdə Avropa ölkələrinin bir çox milli komandasının iştirakını qeyd edə bilərəm. Bütün bunlar milimizin hazırlığı, futbolçu seçimi baxımından önəmli rol oynamışdı. Bilirsiz ki, dünya çempionatında iştirakımız ilk dəfə idi. Oyunçularımızda ruh yüksəkliyi vardı. Hamı qızıl medala köklənmişdi. Qrup mərhələsini 9 xalla ilk sırada bitirdik. 1/8 və 1/4 finalları da inamla keçib yarımfinala çıxdıq. Etiraf etmək lazımdır ki, Qazaxıstan millisi güclü komandadır, güclü rəqibdir. Lakin bizim komandanın onlardan zəif olduğunu deməzdim. Sadəcə, burada bir neçə məqamı vurğulamalıyam. Həm hər gün oyuna çıxırdıq. Digər tərəfdən, futbolçuların yorğunluğu olurdu. Üstəlik, bəzən də oyunlarda fərdi səhvlərə yol verdik. Futbol səhvlər oyunudur, səhv bağışlanmır. Erkən buraxılan qoldan sonra uşaqlar toparlana bilmədilər. Məhz buna görə Qazaxıstana məğlub olduq. 3-cü yer uğrunda oyunda isə futbolçularda artıq ruh düşkünlüyü gördüm. Bir gün qalmışdı, çox çalışdıq ki, toparlansınlar. Macarıstan bizim çapımızda olan rəqib idi. İştirakçılar bizi finalda görürdülər. Rəhbərlik də bizim finala çıxacağımıza inanırdı. Orada olan digər federasiya rəsmiləri komandamızın ustalıq səviyyəsinin nə qədər yüksək olduğunu etiraf edirdilər. Sadəcə, dediyim kimi, futbol belə oyundur, səhvlər, bəzən hardasa qırılma anı olur. Həmin qırılmadan sonra futbolçuların toparlanmağı yüksək peşəkarlıq tələb edir. Ola bilər, psixoloji cəhətdən toparlana bilmədik deyə gerilədik. Düşünürəm ki, ilk dəfə qatıldığımız dünya çempionatında 32 komanda arasında 4-cü olmağımız böyük nəticədir. İnşallah, bu oyunlardan nəticə çıxararaq gələcək turnirlərdə daha yüksək yerləri qazanmağa çalışacağıq.
Növbəti dünya çempionatlarının birinin ölkəmizdə baş tutması mümkündür?
- Bəli, mümkündür. Bunun üçün biz təklifimizi vermişik. Təxminən yanvar ayında bu məsələ ilə bağlı bizə konkret cavab verəcəklər.
Gələn il Avropa çempionatı Bosniya və Herseqovinada keçiriləcək. Hədəf...
- Bu sual mənə həmşə qəribə gəlir. Bilirsiz, niyə? Belə ciddi yarışlara gedən komandanın hədəfi nə ola bilər? Təbii ki, çempionluq, yüksək yer.
Adətən olur ki, bəzi komandalar yalnız iştirak üçün də belə turnirlərə qatılır və bunun özü onlara uğur sayılır.
- Bizim həmişə yalnız bir məqsədimiz olur. Futbolçularımızın da hər biri fərdi olaraq bilir ki, biz yarışa qızıl medal üçün gedirik. Biz final üçün oynayırıq. Elə bir şey yoxdur ki, deyək, bizə "3-lüy"ə düşmək bəs edir. Sizə bir söz deyim, dünya çempionatının son oyunu başa çatan kimi paltardəyişmə otağına girdim, demək olar, uşaqların hamısının gözlərindən yaş tökülürdü. Bunlar hamısı qızıl medal, çempionluq istəyidir. Ona görə Bosniya və Herseqovinadakı Avropa çempionatına da birmənalı olaraq çempionluq üçün gedəcəyik. Ölkəmiz idman ölkəsidir, bütün lazimi şərait var. Dövlətin bütün sahələr kimi, idmana da dəstəyi danılmazdır. Bizim də rəhbərliyimiz, sponsor şirkətimiz, Gənclər və İdman Nazirliyi tərəfindən komandaya lazım olan şərait yaradılıb. Odur ki, belə şəraitdə hər bir idmançının, futbolçunun arzusu yüksək yer, çempionluq, qızıl medal olmalıdır. Kim bunun arzusunda deyilsə, problem o idmançının özündədir.
Prezidenti olduğunuz "Zirə" futbol klubu tarixinin ən yaxşı mövsümünü keçirir. Bu haqda da fikirləriniz maraqlıdır.
- Çempionata startımız yaxşı alındı. Ötən il bir çox oyunçu getdi, yeniləri gəldi. Düzdür, heyət baxımından kasadlığımız var, demək olmaz ki, hər şey normaldır. Digər tərəfdən, oyun cəhətdən deməzdim bu gün hansısa komandadan üstünlüyümüz var. Sadəcə, bu mövsüm məşqçi işi və futbolçuların ustalığı özünü göstərir. Turnir cədvəlində rəqiblərin əksəriyyəti, demək olar, bir-birinə yaxındır. Builki mövsümün əvvəlki çempionatlardan fərqi komandaların sürprizləridir. Heç kim deyə bilməz ki, hansısa komanda digər klubdan zəifdir. Ola bilər, bəzi klubların büdcələri çoxdur, amma aşağı pillələrdədir. Onlar da zaman getdikcə yuxarı pilləyə yüksələ biləcəklər. Biz də əlimizdən gələni edirik ki, 1-ci yerdə qalaq. Amma reallıqla barışmaq lazımdır, əsas rəqiblər, ümumiyyətlə, digər komandalar arxamızca gəlir. Rəşad Sadıqov "Zirə"nin ilk "3-lük"də qalması üçün nə lazımdırsa, edir.
Mövsümün ilk turlarında "Qarabağ"a səfərdə qalib gəldiyiniz oyundan sonra "Zirə"nin Müşahidə Şurasını sədri Orxan Məmmədov "bu, hələ başlanğıcdır, heç nəyi demək olmaz" demişdi. Artıq çempionatın üçdə biri geridə qalıb. Komandanın qarşısına hələ də konkret hədəf qoyulmayıb?
- Bizim istəyimizlə olan məsələ deyil. Aydın məsələdir ki, istək yuxarı yerlərdir, istək avrokuboklardır. Reallıq da var, bununla barışmaq lazımdır. Ümumən, düşünürəm ki, avrokuboklara vəsiqəni təmin edə biləcəyik.
Əsas yığma komandamızın baş məşqçi postuna namizədlərdən biri də Rəşad Sadıqovdur. Necə düşünürsüz, Sadıqov millini çalışdırmağa hazırdır?
- Rəşad Sadıqov öz dövlətini, vətənini, bayrağını sevən adamdır. O, həm də Azərbaycan futbolunun əfsanəsidir. Onun idman camiəsində nüfuzu, hörməti var. Bu gün göstərdiyi işinə görə məşqçilik performansı da var. Ömrünün çox hissəsi millimizin kapitanı kimi keçib. Rəşad Sadıqov yığmada baş məşqçi olsa, nəticə də olacaq.
Bu halda "Zirə"nin itirəcəyi nə olacaq?
- "Zirə"nin nə itirəcəyini zaman göstərər. Amma klubumuz bu keçidin qarşısını ala bilməz. Biz də istəyərik ki, gedib milli komandamıza stadionda dəstək olaq, qalib gəlsin, sevinək. Yığmamız hamımızın qürurudur.
Sizcə, indiki heyətlə Rəşad Sadıqov, Qurban Qurbanov və ya digər bir yerli məşqçi milli komandamıza qrupda neçə xal qazandıra bilər?
- Gələcəyi kimsə deyə bilməz. Rəşad Sadıqovda potensial görürəm. O, uduzmağı sevmir. Qurban Qurbanov Azərbaycan futbolunu çiyinlərində daşıyan adamdır. Düşünürəm ki, Qurbanov bu sözlərə layiqdir. Mən şəxsən Rəşadın millinin baş məşqçi olmasına sevinərəm. Bu gün hansısa məşqçimizin zəif olduğunu demək olmaz. Rəşad Sadıqovu yaxından tanıyıram deyə onun haqqında bu fikirləri səsləndirirəm. Yoxsa Samir Abasov, Ayxan Abbasov və .s. bacarıqlı yerli mütəxəssislərimiz çoxdur.
Belə başa düşdük ki, əksəriyyət kimi, siz də yerli baş məşqçinin tərəfdarısız.
- Əlbəttə.
Qarşıdan minifutbol üzrə Azərbaycan çempionatı gəlir. İştirakçı komandaların sayı dəqiqləşib?
- 1-2 komandanın dəqiq cavabını gözləyirik. Bəlkə də artıq bildiriblər, sadəcə, iş günü deyil deyə məndə dəqiq məlumat yoxdur. Təxminən nəzərdə tutduğumuz 14-16 komanda olmalıdır. Bu il daha maraqlı çempionat keçiriləcək. Həm millimizin qarşıdakı Avropa çempionatı üçün hazırlıq, həm də futbolçu seçimi baxımından ölkə çümpionatının yüksək səviyyədə təşkili bizimçün vacib məsələdir.
Çempionat əvvəlki formatda keçiriləcək?
- Bəli, dəyişiklik yoxdur.
ELVİN