Qurban Qurbanovdan "Beşiktaş"la bağlı suala CAVAB: "İki aydır...
"Bəlkə də sönük oyun getdi. İstərdim ki, daha aktiv, dinamik futbol olsun. Hava şəraiti, bəzi qərarlar oyunun tempini aşağı salırdı. Komandamız üçün faydalı matç oldu. Bir neçə mövqe səhvlərinə yol verdik. "Qəbələ"yə uğurlar arzulayıram".
Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Premyer Liqanın 31-ci turunun "Qəbələ" ilə ev oyunu barədə fikirlərini bölüşüb.
O, 2:2 hesabı ilə başa çatan matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
Növbəti turda "Sumqayıt"la qarşılaşacaqsınız. Yeni stadion və avrokuboklara çox yaxın olan rəqiblə üz-üzə gələcəksiz. Gözləntiləriniz nədir?
- Sumqayıtda oynamaq həmişə xoş olub. "Sumqayıt" çox yaxşı oyun göstərir. Maraqlı görüş olacaq. Yeni stadionda heç olmamışıq. İnanıram ki, azarkeşlər üçün yaxşı oyun olacaq.
"Beşiktaş" rəsmisi açıqlayıb ki, baş məşqçi postuna namizədlər arasında sizin də adınız var. Sizə rəsmi müraciət olunub?
- Bu barədə çox fikir bildirmək istəmirəm. İki aydır söz-söhbətlər çoxdur. Bunu xoşlamıram. Bu barədə danışmasaq, daha yaxşı olar. Çünki, bildirilən hər fikir əlavə suallar doğurur. Sakitlikdir.
Heyəti qurmağa daha çox vaxt sərf edirsiz, yoxsa heyəti qorumağa, yeni oyunçular axtarmağa?
- Vaxt eyni olaraq qalır. İş saatım eynidir. Amma bəzi detallar var ki, onlara daha çox vaxt ayırınıq. Çalışırıq ki, rotasiyalar edək, hər futbolçunun oyun təcrübəsi olsun. Hər il olan iş prinsipləridir.
Rəşad Sadıqov bildirdi ki, gələcəkdə "Qarabağ"ın baş məşqçisi olmaq istəyir. Buna münasibətiniz necədir?
- Çox yaxşı, çox xoş. Hər kəsə uğurlar arzulayıram.