"Səbail" çempionatda digər komandalara başağrısı ola bilər"

"Səbail" çempionatda digər komandalara başağrısı ola bilər"

“2-ci Liqada mübarizə aparan "Şahdağ Qusar"da çıxış edirəm. Ora mənim üçün doğma klubdur. Karyerama həmin klubda başlamışam. Ona görə də fikirləşdim ki, gedib komandama dəstək olmalıyam”.

Bu sözləri Mediasport.az saytına açıqlamasında 2-ci Liqada yarışan “Şahdağ Qusar”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev deyib.

Təcrübəli futbolçu 2-ci Liqanın son turunun “Lerik”lə (4:1) oyunu haqda danışıb, böyükhesablı qələbəni şərh edib: “Düzü, sonuncu turda bəzi səbəblərə görə iştirak edə bilmədim. Şükürlər olsun ki, komandamız qələbə qazandı. Əlbəttə, oyunu izlədim. Uşaqlar çox yaxşı oyun nümayiş etdirdilər. Layiqli qələbə qazandılar. Azərbaycan çempionatlarında – 1-ci Liqada, 2-ci Liqada komandaların sayının çox olması yaxşıdır. Bu, sevindirici haldır. Rayonlara futbol qayıdıb. Komandaların və yarışların sayının çox olması futbolumuzun xeyirinədir".

Əmirquliyev sabiq komandası “Səbail”in 2023/2024-cü illər mövsümündə Azərbaycan Premyer Liqasındakı çıxışından da söz açıb: “Əlbəttə, "Səbail"in çempionatda birinci dövrəni 3-cü yerdə bitirməsi mənim üçün çox sevindirici haldır. Çox yaxşı oyun nümayiş etdirirlər. Oyunlarını izləyirəm. İmkan olduqca matçlara stadiondan baxıram. Heç kim "Səbail"dən bu cür performans gözləmirdi. Ancaq onlar cari mövsüm istənilən rəqiblə oynaya biləcəklərini göstərirlər. "Səbail" çempionatda digər komandalara başağrısı ola bilər. Bu, tək məni yox, eyni zamanda, azarkeşləri də sevindirir”.

Qeyd edək ki, Rahid Əmirquliyev 2018-ci ildən 2023-cü ilə qədər Bayıl təmsilçisinin uğurları üçün çalışıb.

Rövşən