Düşərgəyə erkən qayıdan Mahir "Dinamo"da məşqlərə başladı
Yığma komandamız və Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emreli Xorvatiya təmsilçisinin düşərgəsinə vaxtından əvvəl qayıdıb.
mediasport.az xəbər verir ki, baş məşqçi Ante Çaçiç 25 yaşlı forvarda sabaha qədər istirahət versə də, Mahir komandaya 2 gün öncədən qoşulub.
Fərdi məşqlərlə kifayətlənən futbolçu dünəndən kollektiv hazırlıqda iştirak edir. Təlim-məşq toplanışının birinci mərhələsini Zaqrebdə keçirən "Dinamo" yanvarın 2-də ölkənin qərbində - Adriatik dənizin sahilindəki İstriya yarımadasına yollanacaq.
Komanda burada 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Zaqreb təmsilçisi yanvarın 8-də Sloveniyanın "Çelye" klubu ilə qarşılaşacaq. Yanvarın 17-nə nəzərdə tutulan matç üçün rəqib hələ müəyyənləşdirilməyib.