"Kəpəz" Gəncədə oynayacaq - RƏSMİ
Azərbaycan Respublikasının Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə”nin 07.09.2022-ci il tarixli rəyinə, “Kəpəz” Peşəkar Futbol Klubunun Peşəkar Futbol Liqasına təşkilati işlərin həyata keçirilməsi və təhlükəsizliyə tam zəmanət verilməsi ilə bağlı məktubuna əsasən, təşkilati qurum tərəfindən 04.10.2022-ci il tarixədək Gəncə şəhər stadionunda oyunun təşkilinə birbaşa və dolayı yolla aidiyyatı olan qurğuların hazırlanması ilə bağlı vaxt verilib.
MediaSport.az xəbər verir ki, vaxt bitdikdən sonra Peşəkar Futbol Liqasının müvafiq işlərə cavabdeh olan şəxslərinin 05.10.2022-ci il tarixdə Gəncə şəhər stadionunda geniştərkibli təftişi həyata keçirilib.
Bu gün isə Peşəkar Futbol Liqasının yuxarıda qeyd olunan məktub və rəylər, eləcə də son təftiş əsasında yekun iclası baş tutub. Qərara gəlinib ki, tribunaların 1-ci yarusunun istifadə olunması (ancaq oturacaqlı hissəsi), yerli və qonaq komandanın azarkeşlərinin ümumi sayının 3 min nəfərdən artıq olmaması şərtilə “Kəpəz” Peşəkar Futbol Klubunun ev oyunlarını Gəncə şəhər stadionunda keçirməsinə icazə verilsin.
Qərardan sonra Peşəkar Futbol Liqası oktyabr ayının təqviminə aşağıdakı dəyişiklikləri edir:
16 oktyabr
Kəpəz – Neftçi
Gəncə şəhər stadionu, 15:00 (canlı/CBC Sport)
29 oktyabr
Kəpəz – Səbail
Gəncə şəhər stadionu, 15:00 (canlı/CBC Sport)