Sabah Bakı metrosunun iki stansiyasında iş rejimi dəyişdiriləcək
Sabah “Qarabağ” və "Neftçi"nin avrokubok oyunları ilə əlaqədar Bakı metropoliteninin stansiyalarının iş rejimlərində dəyişikliklər ediləcək.
"Bakı Metropoliteni" QSC-dən "Mediasport"a verilən məlumata görə, “Gənclik” metro stansiyasının iş rejiminə dəyişiklik ediləcək, “Xalqlar dostluğu” stansiyasında isə nəzarət mexanizmləri gücləndiriləcək.
Bakı metropoliteninin kütləvi-mədəni tədbirlərlə əlaqədar əməliyyat planı əsasında qarşılaşmanın başlanma saatına doğru Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən "Gənclik" stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib ediləcək, stansiyadan stadiona yollanacaq sərnişinlər yönləndiriləcək, onların rahatlığı və təhlükəsizliyi məqsədilə tənzimləmə işləri görüləcək.
Futbol oyunu başa çatdıqdan sonra arenadan gələn sərnişin axınının tənzimlənməsi və nizamlı hərəkətinin təşkilinə diqqət yetiriləcək. Sərnişinlərin rahat və təhlükəsiz daşınması məqsədilə qatarların hərəkəti intensivləşdiriləcək. Bu məqsədlə ehtiyat qatarlardan istifadə olunacaq.
“Neftçi Arena”da keçiriləcək beynəlxalq oyununa da maraq nəzərə alınaraq, "Xalqlar dostluğu" stansiyasında nəzarət mexanizmləri gücləndiriləcək.
Ümumən, yay qrafikinin tələbləri qüvvədə saxlanılmaqla, gün ərzində stansiyaların iş rejimi, sərnişin axını və qatarların hərəkəti nəzarətdə saxlanılacaq, lazım olan vaxt xəttə ehtiyat qatar çıxarılacaq.