“Səhvlərdən nəticə çıxarmalıyıq ki, daha püxtələşmiş liqanın şahidi olaq” - PFL rəsmisi Elgiz Abbasov
“Ötən mövsümə qədər 1-ci Liqa özünü tam doğrultmurdu. Çünki yarış əvəzedicilərlə birgə keçirilirdi. Lakin ötən mövsüm 1-ci Liqa öz ab-havasına qayıtdı”.
Mediasport.az qol.az saytına istinadən xəbər verir ki, bu bu sözləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov deyib.
1-ci və 2-ci liqanın püşkatmasında çıxış edən E.Abbasoz aşağı liqalarda ötən il buraxılan səhvlərdən nəticə çıxarmalı olduqlarını vurğulayıb:
“Çalışacağıq ki, bu mövsüm ötən il buraxdığımız səhvlər təkrarlanmasın. Bu halda daha irəliləmiş, daha püxtələşmiş liqanın şahidi ola bilərik. Bunda klubların da üzərinə çox böyük məsuliyyət düşür. İnfrastruktur və kadr baxımından. Stadionlara mütəmadi baxışlar həyata keçirilir. 2-ci Liqaya vəsiqə qazanan “Hypers Guba”nın ev oyunlarını keçirdiyi Quba Olimpiya Kompleksinin stadionu əla vəziyyətdədir. Hətta deyərdim ki, o stadion Premyer Liqada matçlarını qəbul edə biləcək səviyyədədir”.
PFL rəsmisi 1-ci və 2-ci liqanın əsasnaməsi barədə də danışıb:
“1-ci liqanın əsasnaməsi hazırdır, klublara göndərilib. II Liqa üçün də sənədlər toplusu tədbir bitdikdən sonra klub nümayəndələrinə təqdim olunacaq. 2-ci liqada müəyyən məqamlar var ki, onların tətbiq olunması lazımdır. Ötən mövsümlə müqayisədə sifariş vərəqəsi ilə bağlı dəyişiklik olub. Əvvəl 40 futbolçu sifariş etmək mümkün idisə, bu mövsüm say 35-ə endirilib. Müəyyən tənzimləmələrə ehtiyac var. Artıq ikinci il olduğunu nəzərə alaraq, 2-ci liqada məşqçilərin lisenziyasının olması tələb kimi klubların qarşısına qoyulub”.
Elgiz Abbasov reqlamentdə ötən mövsümlə müqayisədə ciddi dəyişiklik olmadığını qeyd edib:
“Hər iki yarışda sonuncu yer liqanı tərk edəcək. Pley-off oyunları ev-səfər prinsipi ilə keçirilməyəcək. Bu mövsüm neytral meydanda 1 matçın keçirilməsi qərarına gəlmişik. Ötən il olduğu kimi, bu mövsüm də PFL-in Media departamenti qarşılaşmaların Yutub vasitəsi ilə canlı yayımını təşkil edəcək. Kütləvilik üçün müəyyən yol xəritəmiz var. Təqvim qarşıdakı günlərdə açıqlanacaq. Ötən mövsüm olduğu kimi, yenə də 1-ci liqa 3, 2-ci liqa isə 2 dövrədən ibarət olacaq”.