"Sabah"ın oyunu başqa ölkədə keçiriləcək? - UEFA-ya müraciət etdilər
Konfrans Liqasının ikinci təsnifat mərhələsində Latviyanın RFŞ klubu ilə qarşılaşacaq “Sabah” səfər matçının başqa ölkədə keçirilməsi üçün UEFA-ya müraciət edib.
MediaSport.az xəbər verir ki, bu barədə Latviya Futbol Federasiyasının prezidenti Vadim Laşenko məlumat verib.
O bildirib ki, Azərbaycan təmsilçisinin baş məşqçisi və məşqçi heyətinin rusiyalı olması səbəbindən belə bir addım atılıb: “Hazırda məsələyə UEFA-da baxılır. Biz çalışırıq ki, oyun Latviyada olsun. Amma qitə futbol qurumu fərqli qərar verə bilər. “Sabah”ın baş məşqçisi və məşqçi heyətinin şengen vizası olmadığı üçün Azərbaycan klubu çətinliyi nəzərə alaraq UEFA-ya müraciət edib. Amma UEFA-nın bunu necə qiymətləndirəcəyini təxmin edə bilmərəm, hazırda top onlardadır. Latviya qanunlarına görə isə Şengen vizası olmayan Rusiya vətəndaşlarının ölkəmizə girişi qadağandır”.
Qeyd edək ki, buna baxmayaraq Azərbaycan təmsilçisi bu gün Latviyaya yollanıb. Lakin klubun baş məşqçisi Murad Musayevin və məşqçi heyətinin paytaxt Riqaya buraxılıb-buraxılmayacağıq naməlum durum olaraq qalır.
Bildirək ki, RFŞ - “Sabah” oyunu sabah keçirilməlidir.