"Sabah" "Partizan"a, "Neftçi" "Beşiktaş"a, "Qəbələ" "Midyullan"a rəqib ola bilər - KL-də püşk atıldı
Azərbaycan klublarının futbol üzrə Avropa Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
MediaSport.az xəbər verir ki, avrokuboklarda debüt edəcək "Sabah" II raundda Latviyanın RFŞ komandasını keçsə, "Partizan"la (Serbiya) qarşılaşacaq.
"Neftçi" II təsnifat mərhələsində Bosniya və Herseqovinanın "Jelezniçar" klubunu mübarizədən kənarlaşdırsa, “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) cütünün güclüsü ilə üz-üzə gələcək.
"Qəbələ" isə Kiprin "Omoniya" klubundan güclü olsa, III raundda "Midyullan" (Danimarka) – “Proqress” (Lüksemburq) cütünün qalibinə rəqib olacaq.
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 10-17 avqustda baş tutacaq. "Sabah" və "Qəbələ" ilk matçlarını evdə, "Neftçi" isə səfərdə keçirəcək.