Ayxan Abbasov ANONS verdi: "Bəzi futbolçular komandadan gedəcək"
"Transfer çalışmalarına hələ çempionatın gedişində başlamışdıq. Klubla müqavilələri başa çatmaq üzrə olan oyunçularımızla danışıq aparırdıq".
Bu sözləri mediasport.az saytına açıqlamasında "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov yay hazırlıq dönəmi barədə danışarkən deyib.
Gənc mütəxəssis komandasının yeni mövsümə hazırlıq planı və hədəfləri barədə fikirlərini bölüşüb:
- Heyətdə demək olar ki, istədiyimiz futbolçuları saxlaya bildik. Komandadan gedənləri bilirsiz, bəzi oyunçular da "Turan Tovuz"dan ayrılacaq. Təkcə Runi Eva bizdən vaxt istəmişdi, onunla danışıqlarımız davam edir. Ümumən bütün təklifləri götür-qoy edir. Yəqin ki, yaxın 10 gündə yekun qərarını verər. Danışıq apardığımız bir neçə yerli futbolçu var. Rəsmiləşmədiyi üçün ad çəkə bilmirəm. Ümumi vəziyyət axarında gedir.
Abbasov növbəti mövsümdə əsas tapşırıqlarının daha çox inkişaf etmək, oturuşmuş komanda formalaşdırmaq olduğunu deyib: "Təbii ki, məqsəd hər zaman olur. Buna çatmaq üçün artırmaq, inkifaş eləmək lazımdır. Komanda tam hazır olmalıdır. Premyer Liqada ilk ilimizi keçirdik, çox çətinliklərimiz oldu. Şükürlər olsun ki, komandamızın sponsoru var. Vacib olan maliyyə və dəstək sarıdan problemimiz yoxdur. Komandanın böyüməsi, uğurlu yollardan keçməsi üçün çətinliklərin öhdəsindən gəlməliyik. Növbəti mövsümdə də Premyer Liqada maksimum yaxşı, stabil çıxış etmək, daha çox xal qazanmaq və yuxarı pillələrdə qərarlaşmağa çalışacağıq. Hədəfimiz budur. Böyük məsuliyyətdir, üzərində çalışırıq. Bunlara çatandan sonra daha böyük hədəflərimiz olacaq".