"Monteneqro yığması ilə matç finala bərabər oyun olacaq"
“Oyunun gərgin keçəcəyini bilirdik. Qrupda yer alan bütün komandaların matçlarını izləyib təhlillər aparmışıq. Farer adaları yığması keçirdiyi bütün oyunlarda məğlub olsa da, digər komandalardan çox fərqlənmir".
Mediasport.az xəbər verir ki, bu sözləri qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.
Gənc mütəxəssis UEFA Millətlər Liqası çərçivəsində bu gün Klaksvik şəhərində keçirilmiş Farer adaları - Azərbaycan qarşılaşmasından sonra 2:1 hesablı qələbəni şərh edib.
"Çox yaxşı, təşkilatlanmış komanda idi. Rəqibin üstün və zəif cəhətlərini bilirdik. Komanda olaraq oyuna yaxşı başladıq. İlk hissədə qol vurduq, hissəni istədiyimiz kimi tamamladıq. Bilirdik ki, qol vursaq rəqib boşluqlar buraxacaq. Oyun planımız da məhz bu idi ki, ikinci hissədə o boşluqlardan maksimum istifadə edək. Həm əsas heyət, həm də oyuna sonradan daxil olan futbolçular nə tapşırmışdıqsa, maksimum yerinə yetirməyə çalışdılar. Keçirdiyimiz son üç oyunda istək və xarakter nümayiş etdirən qızlarımıza təşəkkür edirəm. Sona qədər mübarizə aparırlar və bunun nəticəsini görürlər.
Üç gündən sonra evdə Monteneqro yığması ilə vacib oyunumuz var. Bizim üçün finala bərabər oyun olacaq. Əgər o qarşılaşmadan da istədiyimiz nəticə ilə ayrılsaq, qrupdan çıxmaq şansımızı xeyli yüksələcək”.
Qeyd edək ki, yığmamız qrupda keçirdiyi 3 oyundan 7 xal toplayıb. Komandamız Bakıda Kiprlə heç-heçə oynayıb (1:1), Monteneqro və Farer adalarına səfərdə qalib gəlib - 1:0 və 2:1.