Azərbaycanın tanınmış məşqçisi bu kluba lazım olmadı - RƏSMİ
Premyer Liqaya vəsiqə qazana bilməyən "İmişli"də mövsümün yekunlarına dair toplantı keçirilib və məşqçilər korpusunun işinə qiymət verilib.
Mediasport.az xəbər verir ki, Aran təmsilçisi baş məşqçi Əsgər Abdullayevin fəaliyyətindən razı qalsa da, onunla yola davam etməyi lazım bilməyib.
Azərbaycanın tanınmış məşqçisi və köməkçiləri ilə anlaşma yenilənməyib.
Klubun mətbuat xidmətinin yaydığı press-relizdən belə başa düşmək olur:
"Rəhbərlik hesabatı qənaətbəxş hesab edərək qəbul etmiş və məşqçilər heyətinə mövsüm ərzində çəkdikləri əziyyətlərinə görə təşəkkür edir. Bununla yanaşı, növbəti mövsüm ilə bağlı geniş müzakirələr aparılmış və növbəti mövsüm üçün "İmişli"nin yeni məşqçi heyəti ilə çıxış etməsinin daha məqsədəuyğun olacağı qarşılıqlı razılaşma əsasında qərara alınıb".
Komanda 64 yaşlı mütəxəssisin rəhbərliyi altında mövsümü 47 xalla 4-cü pillədə başa vurub.
Xatırladaq ki, Abdullayev Azərbaycan milli komandalarından başqa, müxtəlif illərdə "Bakı", "Olimpik", "Turan Tovuz", "Araz-Naxçıvan" və "Neftçi"nin də baş məşqçisi olub.