Şəhid Müşviq Abbasovun xatirəsinə həsr olunan turnir keçiriləcək
Şəhid Müşviq Abbasovun xatirəsinə həsr olunan “Qəbələ” idman klubunun açıq cüdo turniri keçiriləcək.
mediasport.az xəbər verir ki, yarışda 2008-2009-cü il təvəllüdlü idmançılar güclərini sınayacaqlar.
Aprelin 2-də keçiriləcək turnir “Sərhədçi” İdman Kompleksində baş tutacaq. Tatami üzərinə Bakı və regionları təmsil edən 22 komandadan 200-ə yaxın cüdoçu çıxacaq.
Turnirin qalibləri diplom, medal və “Qəbələ” klubunun hədiyyələri ilə mükafatlandırılacaq.
Müşviq Abbasov 1970-ci ildə Ağdamın Abdal Gülablı kəndində anadan olub. O, 1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsi zamanı bir çox döyüşlərin və hərbi əməliyyatların iştirakçısı olub , Ağdam şəhərinin kəşfiyyat komandiri təyin edilib. İkinci Qarabağ müharibəsinə də yollanan M.Abbasov 2020-ci il oktyabrın 5-də Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Müşviq Abbasov ölümündən sonra iki medalla təltif edilib. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə hərbi hissə qarşısında qoyulan tapşırıqların icrasında vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün "Vətən uğrunda" medalına layiq görülüb. Ağdam rayonunun işğaldan azad edilməsi zamanı şəxsi igidliyi və şücaətinin görə Abbasova "Ağdamın azad olunmasına görə" medalı verilib.