Qubada II Çoxtərəfli Gənclik Mübadilə Proqramı keçirilib

Qubada II Çoxtərəfli Gənclik Mübadilə Proqramı keçirilib

Fevralın 11-17-də Quba şəhərində Gənclər və İdman Nazirliyi, Türk Dövlətləri Təşkilatı və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən “İdmanda birləşək” mövzusunda II Çoxtərəfli Gənclik Mübadilə Proqramı keçirilib.

Mediasport.az xəbər verir ki, proqramda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi  ölkələrdən idmana və onun geniş təsirinə həvəsli gənclər və Azərbaycan universitetlərinin tələbələri iştirak ediblər. 

Quba Olimpiya İdman Kompleksində bir həftə davam edən proqram çərçivəsində iştirakçılar idmana aid müxtəlif mövzularda təlim sessiyalarına və mühazirələrə qoşulublar.

“Pilates Life” və “Danceabilty” komandaları tərəfindən idman və rəqs təlimləri həyata keçirilib, iştirakçılar eksperimental vörkşopa qoşulublar.

İştirakçılar proqram ərzində basketbol, voleybol, futbol, stolüstü tennis, üzgüçülük kimi idman növlərində özlərini sınayıblar, komandalara bölünərək idman turnirlərində iştirak ediblər.

İştirakçılara Quba şəhəri ilə daha yaxından tanış olmaq üçün ekskursiya da təşkil edilib. Tədbirin bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunub.