Sərgən Yalçın SOCAR rəhbəri ilə görüşdə ilinə 2 milyon dollar istədi!
"Neftçi"nin baş məşqçisi olacağı deyilən türkiyəli futbol mütəxəssisi Sərgən Yalçının SOCAR rəhbəri Rövşən Nəcəflə ilk görüşü uğurlu alınıb.
Məlumatı LÜE TV-nin direktoru, Sərgənin yaxın dostu Levent Ümit Erol paylaşıb.
O bildirib ki, Bakıda baş tutan ilk görüş səmərəli alınsa da, hələlik rəsmi anlaşma yoxdur: “SOCAR prezidenti Rövşən Nəcəf ilə görüşən Sərgən Yalçın çox yaxşı qarşılandı və görüş müsbət keçdi. Pul barədə danışılmadı. Hoca layihələri dinlədikcə çox təsirləndi. Tərəflərin görüşü davam edəcək. Rəsmi anlaşma yoxdur. Amma ilk toplantı səmərəli keçdi”.
Qeyd edək ki, “Neftçi” bir qədər öncə baş məşqçi Laurentsiu Regekampfla yollarını ayırıb.
Lakin MediaSport.az saytına daxil olan son məlumata görə, tərəflər arasında maliyyə danışıqları da keçib. Türk mütəxəssis ARDNŞ rəhbərindən təkcə özü üçün illik 2 milyon dollar maaş istəyib, Rövşən Nəcəf isə maksimum 1.5 milyon təklif edib. "Fənərbağça"dan da dəvət aldığını deyən Sərgən klub rəhbərindən vaxt istəyərək fikirləşmək üçün Türkiyəyə qayıdıb.