Milliyə baş məşqçi axtaran AFFA-nın menyusuna - GENİŞ SORĞU

Milliyə baş məşqçi axtaran AFFA-nın menyusuna - GENİŞ SORĞU

Futbol üzrə Azərbaycan milli komandası AVRO-2024-ün seçmə qrup mərhələsi oyunlarını 2 qələbə, 1 heç-heçə, 5 məğlubiyyətlə başa vurub.

Yığmamız Canni De Byazinin başçılığı altında topladığı 7 xalla 5 komandalı qrupda 4-cü yeri tutub.

Məlum olduğu kimi, AFFA 67 yaşlı italyan mütəxəssislə başa çatmaqda olan müqaviləni yeniləməyib.

İndi futbol ictimaiyyətini bir sual maraqlandırır - növbəti dönəm üçün millinin baş məşqçisi kim olacaq?

Millinin yeni baş məşqçisi yerli mütəxəssis olmalıdır, yoxsa yenə əcnəbi?..

Yaxud məşqçi dəyişikliyi bizə nə verəcək?..

Mediasport.az hər iki sualla bağlı Azərbaycanın tanınmış idman jurnalistləri arasında sorğu keçirib.


Mahir Rüstəmli (“Futbol+” qəzeti”): "İndiki vəziyyətdə əcnəbi məşqçi gətirməyin milli komandamıza heç bir xeyiri olmayacaq. "Sükan" arxasına yerli baş məşqçi keçməlidir. Namizədim isə Qurban Qurbanovdur. Hər dəfə yeni baş məşqçinin gəlişi yeni ümidlər, imkanlar və çağırış deməkdir. Legioner həyatı yaşayan futbolçularımızın çoxluğunu nəzərə alaraq hər birimiz hazırda yığmamızın yüksək potensiala malik olduğunu düşünürük. Qurban Qurbanov onların bir çoxu ilə işləyib. Demirəm ki, yaxın gələcəkdə dünya və avropa çempionatına qatıla bilərik. Amma müəyyən keyfiyyət dəyişikliyinə malik olmaq mümkündür. Məhz bundan sonra azarkeşləri, futbol ictimaiyyətini ümidləndirmək olar".

İlkin Vaqifoğlu (Sportinfo.az): "De Byazi ən geci iki il öncə getməli idi. Bu məsələ çox gecikdi. Onun Azərbaycan futboluna perspektiv vəd etmədiyi 2020-2021-ci ildə aydın idi. Sadəcə, AFFA zaman itirdi. Ötən illərdə olduğu kimi, yenə millimizin növbəti uğursuzluğunun əsasını qoydu. Suallar haçalanır, bir çoxları deyir ki, baş məşqçi yerli olmalıdır, bəziləri isə əcnəbi. Mən də düşünürəm ki, yerli mütəxəssis olmalıdır. 2006-cı ildən bu tərəfə olan statistikanı incələsək, görərik ki, yerlilərdən yalnız Qurban Qurbanov millinin baş məşqçisi olub, o da 1 il. Ondan sonra yığmamızı əcnəbilər çalışdırıb. Əcnəbilərin rəhbərliyi altında milli komandamız olduqca pis çıxış edib. Bu qədər xariciyə şans verməkdənsə, bir dəfə də öz həmyerlimizə şans vermək lazımdır. Mən də futbol ictimaiyyəti, əksər jurnalistlər kimi, Rəşad Sadıqovun namizədliyinə müsbət yanaşıram. İndiki halda Qurban Qurbanovun yenidən iki yerdə işləməyinə və yaxud "Qarabağ"la vidaşalmaq istəyəcəyinə inanmıram. Həmçinin Ayxan Abbasov və Samir Abasovun da çalışdığı klubları tərk edəcəyinə inanmağım gəlmir. Ona görə də indiki halda ən real variant Rəşad Sadıqovdur. Sadıqov uzun illər millinin kapitanı olub, yığmada ən çox oyun keçirmiş futbolçudur. O, millinin ab-havasını bilir, ölkə çempionatını yaxşı tanıyır. Bizim üçün, həm də Rəşad Sadıqov üçün maraqlı seçim olar. Sadıqovun hələ 2-3 il öncə yığmamıza gəlmək istəyini müşahidə eləmişdik. O vaxtı şans almadı, təki, indi şans alsın. Rəşad Sadıqov baş məşqçi olsa, heç kim etiraz etməz. Əsas məsələ isə yeni gələn baş məşqçinin hansı fəlsəfə ortaya qoymasıdır. Ona nə qədər şans veriləcək, çox önəmlidir. Bunları dəqiqləşdirmədən baş məşqçi dəyişikliyi bizə nə verəcək demək çətindir. Yeni gələn məşqçi yerli olsa, AFFA rəhbərliyi ən azı De Byaziyə verdiyi vaxtı ona verməlidir. O vaxt bir ildən sonra Elxan Məmmədov Qurban Qurbanovun "torbasını tikdi". İstəməzdim ki, ya azərbaycanlı, ya da əcnəbi mütəxəssis eyni aqibəti yaşasın".

İxtiyar Əsgərov (Matç.az): "Fikrimcə, yerli məşqçiyə şans verilməlidir. Dəfələrlə sübut olunub ki, əcnəbi bizə hansısa uğuru qazandıra bilmir. Bəzi kuluarlarda türkiyəli çalışdırıcların adları hallanır. Amma onlara da ehtiyac yoxdur, zaman-zaman klublarımzda çalışıblar, fəaliyyətləri ilə tanışıq. Çox istərdim, yenidən Qurban Qurbanov olsun. Onunla yanaşı, Rəşad Sadıqovu da millidə görmək istəyənlər çoxdur. Amma səhv etmirəmsə, Rəşad Sadıqov “Turan Tovuz”la oyundan sonra keçirilən mətbuat konfransında demişdi ki, Azərbaycanda iki komandada ancaq Qurban Qurbanov çalışa bilər. Yeni baş məşqçinin kimliyi bilinmir deyə, onun milliyə nə verəcəyi haqda fikir söyləmək çətindir".

Elçin Cəlilov (Futbolpress.az): "Azərbaycanın futbolçu potensialı baş məşqçi dəyişikliyi bizə nə verəcək sualına cavab vermir. AFFA-nın baş katibi Sərxan Hacıyevin dediyi kimi, məşqçi kim olacaqsa, futbolumuza bələd, düşüncə tərzinə və mentalitetimizi bilən adam olsun. Baş məşqçi nə qədər yaxşı olur-olsun, sistem ciddi olmalıdır. Sistem şəffaf olmayanda inanmıram, uğurlu nəticələr olsun. Yeni məşqçinin yerli olması xərc baxımından uyğun olar. Ona görə ki, xaricilər ölkəmizə gələndə böyük komanda heyəti ilə gəlir. Bu da böyük xərcdir. Azərbaycan futboluna lazım deyil. Nə vaxt futbolumuz xammal baxımından zənginləşər, onda rəqabətə üstünlük verən əcnəbi mütəxəssisə əl atmaq olar. İndiki məqamda isə bunu mənasız sayıram. Mənim üçün Qurban Qurbanov xaric real namizəd yoxdur".

Səxavət Qurbanov (İdmanxeber.az): "Təbii ki, yerli olmalıdır. Son illərdə əcnəbilərin gəlişi ilə hər hansı bir inkişafdan söhbət getmədiyini gördük. Onların gəlişi ilə də yerimizdə sayırıq. Yerli məşqçiyə güvənmək lazımdır. Ancaq uzunmüddətli bir proqramla. İstədiyi sistemi tətbiq etmək üçün sistemin olması mühümdür. Baş məşqçi dəyişikliyinə gəlincə, dərhal nələrsə gözləmək absurddur. Zamanla hansısa inkişafa nail olmaq olar. Bunun üçün millinin yaxşı heyəti, potensialı var. Düşünürəm ki, De Byazidən sonra kim gəlsə, ən azı ondan pis olmayacaq".

Emin Abbasov (Sportal.az): "Bu məsələ ilə bağlı dəfələrlə öz mövqeyimizi bildirmişik. Mən yerli məşqçinin tərəfdarıyam. Yığmamızın mütəxəssisi hazırda işinin başında olan 3-5 məşqçidən biri olmalıdır. Mənə elə gəlir ki, AFFA hər dəfə özü-özünü təkzib edir. Hamılıqla deyirik ki, Azərbaycana hansı məşqçi gəlirsə-gəlsin, yenə də indiki reallıqlar içərisində böyük nəticələr göstərmək mümkün deyil. Ona görə ki, millimizin potensialı Avropa və ya dünya çempionatına çıxmaq üçün yetərli deyil. Bunu deyə-deyə milli komandanın başçısını əcnəbi qoymaq özünü təkzib eləməkdir. Əgər nəticə olmayacaqsa, əcnəbidənsə yerli məşqçilərimizdən biri çalışar. Biz də bilərik gücümüz budur, asta-asta başqa istiqamətlərdə axtarıb eliyərik, uşaq futbolu, infrastruktur və s. Zamanı çatanda milli nəticələr verər. Baş məşqçi dəyişikliyi Azərbaycanlı məşqçinin asta-asta inkişaf etməsi üçün zəmin yarada bilər. Yerli futbol mentalitetinə bələd olan, onların potensialını bilən şəxs gəlsə, məncə, bundan yaxşı olacaq. Məşqçinin qarşısına tələb qoyulmalıdır, onu dinləmək lazımdır. Bu potensialla nə edə bilər. Dəyişiklik milli komandadan yox, futbolun durumundan asılı olan məsələdir. Çempionatın güclü olması, uşaq futbolunda inkişafin getməsi, akademiyaların fəaliyyəti və aşağı yaş millilərdə başlayan inkişaf gəlib sonda çıxmalıdır əsas milliyə. Bu, böyük bir proqramdır, layihədir, industriyadır. Burda inkişaf getsə, milli komandaya təsir göstərəcək. Yoxsa uşaq futbolu bərbad olsun, infrastruktur yox səviyyəsində olsun, sonra ümid edək ki, milli komanda parlaq oyun sərgiləyəcək, bu, real məsələ deyil. Mənə görə millimiz öz çapında yaxşı heyətə malikdir. Ən azından rəqiblərlə mübarizə apara bilər. Yerli məşqçi futbolçuları oyuna daha yaxşı hazırlaya bilər. Məsələn, Türkiyə millisinin sonuncu Uels səfərini götürək, oyunu alınmırdı, çətin keçirdi. Hətta birinci hissənin gedişində görünürdü ki, türklər maçtdan məğlub ayrıla bilər. Amma fikir verdinizsə, hər türkiyəli futbolçuda türk əsgərinin ruhunu görürdük. Kənan Yıldız oyuna çıxmazdan qabaq formanı öpüb gözünün üstünə qoydu. Təbii ki, millidə belə ruhla oynayan futbolçuda döyüşkənlik, əzmkarlıq olacaq. Onun nəticəsində də bir xal qazana bildilər. Bəzən oyun getməyəndə xarakteri ortaya qoymaq lazımdır. Döyüşmək-savaşmaq lazımdır. Ən böyük arzum odur ki, gün gəlsin, ordumuzun ruhu millimizin futbolçularında olsun. Uduzmaq ayıb deyil, amma döyüşmək lazımdır".

Kənan Həsənov (Report.az): "İndiki halda millimizin baş məşqçisinin yerli və ya xarici olmasının önəmi yoxdur. Çünki Azərbaycan futbolu hələ yüksək səviyyəyə çatmayıb. Bunu təbii ki, futbolçu baxımından deyirəm. Nə qədər ölkəmizdə keyfiyyətli futbolçu yoxdur, Avropanın yüksək səviyyəli klublarında legioner həyatı yaşayan oyunçu yoxdur, əcnəbi məşqçiyə güvənməyin qəti əleyhinəyəm. Qeyd etdiyim kriteyaları əldə edənə kimi yerli məşqçilərdən birini təyin etmək lazımdır. Onsuz da hədəflər böyük deyil. Düzdür, hərdən reallıqla uyğun gəlməyən məsələlər gündəmə gəlir. Təbii ki, azarkeş, idman jurnalisti, idman ictimaiyyətinin nümayəndəsi olaraq hamımız istəyirik ki, Azərbaycan böyük turnirlərin final mərhələsində təmsil olunsun. Amma reallıq...Təəssüf hissi ilə deyirəm ki, bizim əleyhimizədir. Baş məşqçi dəyişikliyi bizə ciddi mənada heç nə verməyəcək. Çünki hər şey gəlib potensiala bağlanır, bizim də futbolumuzun potensialının hansı səviyyədə olduğu hamıya bəllidir. Sadəcə, bunun AFFA-ya xeyri ola bilər. Ona görə ki, əcnəbi məşqçiyə xərclənən pulun əvəzinə yerli məşqçiyə daha az məbləğ verməklə işi görmək olar. Nəticə kim gəlirsə-gəlsin, dəyişən deyil. Dəyişsə belə, cüzi dəyişəcək. Böyük hədəflərin öhdəsindən gəlmək mümkün olmayacaq. Yaxın gələcəkdə bu, görünmür".

Vüsal Mahmudov (Futbolinfo.az): "Yığmamızı yerli məşqçi çalışdırmalıdır. Azərbaycanda işləmiş əcnəbilərin statistikası bunu deməyə əsas verir. Baş məşqçi dəyişikliyi bizə ciddi mənada heç nə verməyəcək. Məşqçi yox, futbola baxış dəyişməlidir".

Anar Xanlarov (Rekord.az): "İndiki halda milli komandada yerli məşqçinin işləməsinin tərəfdarıyam. Baş məşqçi dəyişikliyinin bizə nə verəcəyini isə zaman göstərəcək. Bu suala birmənalı cavab vermək çətindir. Əsas odur, seçim düzgün olsun. Seçim düzgün olsa və yeni baş məşqçiyə lazımi şərait yaradıb zaman versələr, düşünürəm ki, ən azı 5-6 aya müsbət nəticəsini görəcəyik".

Rəşad Ergün (Komanda.az): "Biz milli komandamızın potensialını, gücünü qəbul etməliyik, reallıqla barışmalıyıq. Yeni baş məşqçi yerli mütəxəssis olsa, daha yaxşı olar. Amma AFFA yenə əcnəbiyə üstünlük vermək istəyirsə, ən azı, gənc, enerjili mütəxəssis seçməlidir. Bir də, millinin baş məşqçisinə milyonlar verilməməlidir. Seçmə mərhələdə 6-7 xal toplayan komandanın baş məşqçisinə milyonlarla dollar vermək absurddur. Baş məşqçi dəyişikliyi bizə, demək olar ki, heç nə verməyəcək. Milli komanda Azərbaycan futbolunun ən sonuncu problemlərindən biridir. Dəyişiklik başdan - AFFA-dan olmalıdır. Futbola baxış dəyişməlidir, köhnə adamlar - köhnə düşüncəli insanlar uzaqlaşmalıdır, ya da uzaqlaşdırılmalıdır Azərbaycan futbolunun idarəçiliyindən".

Kənan Hakimov (İTV): "Düşünürəm ki, yeni baş məşqçi orta yaşlarında olmalıdır. Çünki Qurban Qurbanovu çıxmaq şərti ilə son məşqçilərdən istər Berti Foqts, istər Karlos Alberto Torres, istərsə də Nikola Yurçeviçdənsə, orta yaşlı mütəxəssis ola bilərdi. Məşqçilik aləmində gənc, enerjili məşqçi olsun millimizin "sükanı" arxasında. Kim gələcəksə, mütləq onun planı, proqramı, bəlli bir hədəfləri olmalıdır. Bu planlar üzrə də AFFA, PFL, Gənclər və İdman Nazirliyi və digər aidiyyəti qurumlarla birgə iş görülməlidir. Məşqçiyə sərbəstlik verilməlidir, işinə müdaxilə olunmalı deyil. Milliyə çağırılan futbolçularla bağlı azarkeşlərdə, futbol ictimaiyyətində şübhəli məqam yaratmamalıdır. Yerli mütəxəssislərdən ən layiqi Qurban Qurbanovdur. Qurbanov yeganə şəxsdir ki, milli komandaya gələndə proqramı ilə gəlmişdi. Çünki bilirdi nə istəyirdi. Digərləri isə, görünür, pensiya yaşına yaxın gəlmişdilər və sadəcə, vaxt keçirirdilər. Böyük ölçüdə mənim üçün yerli yoxsa əcnəbi olması prinsipiallıq daşımır. Əcnəbi istəyərdim ki, MDB məkanındakı mütəxəssislərdən biri olsun. Çünki mentalitet baxımından, futbol mədəniyyəti baxımından bizim oyunçularla dil tapa bilər. Kim olacaqsa, uğuru az olan şəxs olsun, necə ki, biz bunu Qazaxıstan nümunəsindən görürük. Maqomed Adıyev Qazaxıstana qədər tanınmış məşqçi deyildi və "Anji"də işləmişdi. O qədər bacarıqlı mütəxəssislər var ki, millimizi həvəslə çalışdırar. Millətlər Liqası UEFA tərəfindən bizim kimi ölkələr üçün böyük şansdır. Məhz bu şansın sayəsində Qazaxıstan, Gürcüstan, Luksemburq kimi millilər hələ də AÇ 2024-ün final mərhələsinə qatılmaq şansını saxlayırlar. Biz də bundan maksimum istifadə etməyi bacarmalıyıq. Qrupdakı komandalar münasib olacağı təqdirdə sadaladığım yığmalar kimi pley-off və ya birbaşa vəsiqə uğrunda mübarizə apara bilərik".

İbrahim Cəfərov (Futbolxeber.az): "Kim olacağını demək çətindir. Baş məşqçi dəyişikliyi bizə ciddi nəsə qazandırmayacaq. Məsələn, 7  yox, 9 xal yığacağıq. Yəni, aşağı-yuxarı eyni şey olacaq. Futbolçu olmayandan sonra yerli, yaxud əcnəbi olması da heç bir əhəmiyyət kəsb etmir".

Azər İsmayıl (ARB): "Fikrimcə, millinin baş məşqçisi yerli olmalıdır. Amma bundan da vacib odur ki, kimliyindən asılı olmayaraq, konkret proqramla gəlsin. Yaxın müddətli və ya orta müddətli proqram təqdim etsin. Buna qədər, demək olar, bütün baş məşqçilər qarşısında hədəf olmadığını deyirdi. Və yaxud əvvəlcə hansısa tsikldə uğur qazanmaq tələbi ilə müqavilə bağlandığını etiraf edir, sonra isə bunu təkzib edirdi. Əvvəlcə bu məsələlərdə şəffaflıq təmin olunmalıdır. Yeni baş məşqçi hazır proqram təqdim etməli və bu, ictimaiyyətə açıq olmalıdır. Yerli məşqçinin olmağını ona görə istəyirəm. Artıq neçənci dəfədir ki, AFFA-nın İcraiyyə Komitəsi seçimində yanılır. Demək olar, indi millinin başında uğurlu əcnəbi məşqçi təsəvvür etmək çətindir. Futbolçular, azarkeş və ictimaiyyətdə formalaşan rəy, eyni zamanda mövcud situasiya səbəbindən əcnəbi baş məşçqi olacağı təqdirdə, yenə neqativ fikirlər və inamsızlıq ön planda olacaq. Ona görə yerli mütəxəssis vacibdir. Üstəlik, hazırda ölkəmizdə kifayət qədər istəkli və savadlı məşqçilər var. Hansı ki, milli ilə ən azı əcnəbilər qədər uğurlu ola bilər. Hətta daha yaxşısı da real görünür. Baş məşqçi dəyişikliyi dediyimiz kimi, gələcək şəxsdən və yanaşmadan asılıdır. İstənilən halda belə davam etməkdənsə dəyişiklik vacib idi. Artıq De Byaziyə olan inam itmişdi".

Şəmsəddin Abbasov (CBC Sport): "Mənim namizədim yoxdur. Milli komandanın başında duran məşqçinin qarşısına konkret məqsədlər qoyulmalıdır və onun bu məqsədlərə çatmaq üçün planı olmalıdır".

Ruslan Mikayıllı (Azerisport.com): "Təbii ki, yerli məşqçinin millinin başına keçməsini istəyirəm. Futbolçular arasında kifayət qədər nüfuzu olan bir şəxsə tapşırılmalıdır bu post. Ümid edirəm ki, bu dəfə AFFA-nın başbilənləri düzgün qərar verər. Nə verəcəyini zaman göstərəcək, amma istənilən halda bu nəticədən pis olmayacaq. Düşünürəm ki, ən azından həmin məşqçiyə vaxt verilərsə, zamanla daha yaxşı olacaq".

Elsevər Məmmədov (Qafqazinfo.az): "Birmənalı şəkildə yerli məşqçi olmalıdır. Səbəb odur ki, hazırkı duumda əcnəbi burada xarüqələr yaratmayacaq. Bəlkə də baş məşqçi dəyişikliyi bizə çox şey qazandımayacaq. Amma bu heyətlə ən azından Millətlər Liqasında daha yaxşısına nail olmaq mümkündür. Bunun üçün potensialı və iddiası olan yerli gənclərdən birini yığmaya qoymaq olar. Çünki heyət heç də pis deyil. Millətlər Liqası səviyyəsində uğur qazanmaq mümkündür. Təbii ki, AÇ-2024-ün seçmə mərhələsindəki qrup kimi qrupda heç nə etmək mümkün deyil. Yerli də olsa, əcnəbi də olsa...Sadəcə, Millətlər Liqası yaxşı fürsətdir. Ona görə də ən azından yanvarda yerli məşqçilərdən birini təyin edib turnirə yaxşı səviyyədə hazırlaşmaq və uğur qazanmaq olar. Yaşlı yox, daha çox gənc məşqçilərə güvənmək lazımdır. Bizim milli çətin yığmadır, nizam-intizama böyük diqqət ayıran və məşqçi kimi iddiası olan biri bunu bacara bilər".

Elvin Əhəd (Mediasport.az): "Mövzu ətrafında çox geniş danışmaq-yazmaq olar. Hesab edirəm ki, AFFA prezidenti, İcraiyyə Komitəsinin Azərbaycan futboluna bir qəpik xeyiri olmayan köhnə fikirli, yalnız şəxsi ambisiyalarını düşünən üzvləri istefa verməyincə, milli komandaya kimi gətirsək, heç nə dəyişən deyil. Azərbaycan futbolunun dönüş nöqtəsi AFFA-nın binasından başlaya bilər".