"Sponsorumuz olsaydı, biz də maaşı 10-12 min olan futbolçular götürərdik"

"Sponsorumuz olsaydı, biz də maaşı 10-12 min olan futbolçular götürərdik"

"Kəpəz"in Müşahidə Şurasının üzvü Mehman Allahverdiyev mediasport.az saytına müsahibə verib.

Təcrübəli mütəxəssis əvvəlcə Premyer Liqanın 2-ci turunun "Zirə" ilə səfər görüşü haqqında fikirlərini bölüşüb, Gəncə təmsilçisinin 0:1 hesablı məğlubiyyətinə şərh verib.

Allahverdiyev daha sonra ölkənin ikinci böyük şəhərinin klubunun sponsorsuz qalmasından giley-güzar edib, bir neçə şirkətlə danışıqlar olduğunu bildirib.

- "Zirə" ilə matçda komandamız əsasən müdafiəyəmeyilli oynadı. Məqsədimiz buradan ən azı bir xalla qayıtmaq idi. Əfsuslar olsun ki, uduzduq. Rəqiblə bizim komandanı müqayisə eləmək də düzgün olmaz. Həm heyətinə, həm büdcəsinə görə onlar bizdən güclü idilər. Buna baxmayaraq, uşaqlar sonadək vuruşdular, çalışdılar".

İlk turda "Neftçi" üzərində əzmkar qələbə qazanmışdız. Azarkeşlər uğurlu nəticənin Zirədə davam edəcəyini gözləyirdilər. Xal qazanmaq üçün "Kəpəz"də nə çatmadı?

- "Kəpəz"də vəziyyəti bilirsiz, bizə bir neçə oyunçu transfer edilməlidir ki, komandamız güclənsin. İlk turda Biz "Neftçi"ni udmuşduq, "Zirə" də son çempion "Qarabağ"ı. Yəni, güclü komandaları məğlub edənlər qarşı-qarşıya gəldi. "Zirə"ni qələbə münasibətilə təbrik edirəm. Bizdə əsas çatışmayan məsələlərdən biri də sponsordur. Sponsorumuz olsaydı, oyunçu transfer edər, heyətimizi genişləndirərdik.

Klubda rəhbərlikdə yer alırsız. Faktiki danışıq apardığınız oyunçular var, yoxsa sponsor yoxdur deyə, sadəcə gözləyirsiz? 

- Xeyr, futbolçularla danışıqlar gedir. Komandanın sponsoru olsaydı, biz də 5 min manatlıq yox, aylıq maaşı 10-12 min olan yaxşı futbolçular götürərdik. Əfsuslar olsun, hələ ki, bu barədə bizdə çətinlik var. Sağlıq olsun, görək nə olur. Ümid edirəm ki, yaxşı olar. 

Hardansa işıq ucu, söz verən var? 

- Söz vermək deyəndə, danışıqlar gedir. İnanırıq ki, bu, olacaq. Başqa cür ola bilməz. Gəncə futbolla yaşayan, daim futbol olan böyük şəhərdir. Belə qalmaz. Sponsorlarla danışıqlarımız davam edir. 

2025-ci ildə MDB oyunları Gəncədə keçiriləcək. Bu fakt sponsor məsələsində ümidinizi daha da artırır?

- Bəli, inamımız daha böyükdür. Ola bilər ki, bu məsələ də təsirini göstərsin. Görək də, hələlik gözləyirik. Amma mənə elə gəlir ki, sponsor məsələsi tezliklə həllini tapacaq.


Elvin