"Hələ hələ çox işləməliyik"
"Sabah" Premyer Liqada ilk dövrəni ikinci pillədə tamamladı.
MediaSport.az xəbər verir ki, hesabat turunda "Kəpəz"in qapısından 5 cavabsız top keçirən Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev göstərdikləri oyundan, turnir cədvəlində tutduqları mövqedən razı qaldığını deyib.
"Bu gün çox parlaq oyun gördük. Hər iki tərəf hücumlarla yadda qaldı, yüksək pressinqdən istifadə etdi. Şadam ki, belə bir qələbə qazandıq. Ayrıca olaraq rəqibi də təbrik etmək istəyirəm. Cəsur, cürətli oynadılar. Matçı gecikdirmirdilər, qapıçılarını qıcolma tutub yerdə yatmırdı. Bu şəkildə oynamağa davam etsələr, daha da inkişaf edəcəklər".
Birinci dövrə artıq başa çatdı. Beş ballıq şkala ilə komandanıza neçə bal verərdiz?
- Topladığımız xallara görə beş bal verərdim. Amma oyun keyfiyyətinə gəldikdə isə hələ çox işləməliyik. Qarşıda görüləcək işlərimiz çoxdur. Turnir cədvəlinə baxmadan öz üzərimizdə çalışmalıyıq.
Ötən həftə Canni de Byazinin müqaviləsi bitmişdi. İctimaiyyət arasında belə bir fikir var idi ki, millidə əcnəbi baş məşqçi işləyəcəksə, bu, Murad Musayev olsun. Həmin ərəfədə sizə təklif oldu, ümumiyyətlə, dəvət gəlsə, fikriniz nə olar?
- Bildiyim qədərilə De Byazinin müqaviləsi uzadılıb. Mənim hazırda bütün fikrim "Sabah"la bağlıdır. Komandanı daha da inkişaf etdirmək haqda düşünürəm. Əgər azarkeşlər belə bir şey istəyiblərsə, bu, xoş bir haldır.