"Sumqayıt"ın lideri Xaçayevdir, bombardiri Kehat - STATİSTİKA
“Sumqayıt” futbol klubu Azərbaycan Premyer Liqasının geridə qalan ilk iki dövrəsinin statistik yekunlarını açıqlayıb.
Klubdan Mediasport.az saytına verilən məlumata görə, yeni mövsüm 7 qələbə, 6 heç-heçə və 5 məğlubiyyət əldə edən komanda ili 27 xalla turnir cədvəlinin 4-cü pilləsində başa vurub.
Baş məşqçi Samir Abasov geridə qalan 18 tur ərzində 21 futbolçunun xidmətindən yararlanıb. Bu futbolçulardan Murad Xaçayev (18 oyun, 1620 dəqiqə), Roi Kehat (18 oyun, 1332 dəqiqə), Səbuhi Abdullazadə (18 oyun, 1289 dəqiqə) və Masaki Murata (18 oyun, 1206 dəqiqə) keçirilən bütün qarşılaşmalarda iştirak edib.
Xaçayev bütün oyunları əvəzlənmədən keçirib. Rövlan Muradov (17 oyun, 1506 dəqiqə) və Kamran Əliyev isə (17 oyun, 1308 dəqiqə) qeyd olunan 4 futbolçudan bir oyun az keçiriblər.
"Gənclik şəhəri" təmsilçisi ilk iki dövrədə 19 dəfə rəqib qapılarına yol tapmağa müvəffəq olub. 5 qolun müəllifi Roi Kehat (18 oyun, 1332 dəqiqə) olub. Rövlan Muradov (17 oyun, 1506 dəqiqə) 3 dəfə, Erik Sorqa (14 oyun, 875 dəqiqə), İsa Suliman (10 oyun, 900 dəqiqə), Kamran Əliyev (17 oyun, 1308 dəqiqə) 2 dəfə, Səbuhi Abdullazadə (18 oyun, 1289 dəqiqə), Kamran Quliyev (14 oyun, 455 dəqiqə), Masaki Murata (18 oyun, 1226 dəqiqə) və Elvin Bədəlov isə (16 oyun, 1375 dəqiqə) hərəyə bir dəfə fərqləniblər.
Bir qol avtoqol olub. Geridə qalan 18 turda “Sumqayıt” 9 qarşılaşmanı doğma meydanda keçirib. Ev matçlarını stadiondan ümumilikdə 11 min 836 azarkeş izləyib.