"Avropada rəqiblər bizimlə matçda hətta öz oyun üslubundan çıxırlar"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 9-cu turunun "Sumqayıt"la oyunundan sonra (1:0) mətbuat konfransında iştirak edib.
Mediasport.az xəbər verir ki, təcrübəli çalışdırıcı öncə oyunla bağlı fikirlərini bölüşüb:
"Futbolçularımı təbrik edirəm. İstirahət qabağı vacib qalibiyyət idi. Komandanın yarısı istirahətdə olacaq, yarısı milli komandaların düşərgəsinə yollanacaq. Bu stadionda, bu şəhərdə oynamaq bizim üçün həmişə xoşdur. Belə azarkeş qarşısında oynamaq futbolçulara əlavə motivasiya verir. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, çox səliqəli dəstək verdilər. "Sumqayıt"a uğurlar arzulayıram. Futbolçularımın hər birindən razı qaldım".
Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
Aleksey Kaşşuk debüt etdi, Musa Qurbanlı geri qayıtdı. Onlar haqda fikriniz necədir?
- Kaşşuk bir ildən çox idi ki, oynamamışdı. Heç normal hazırlıq da keçməmişdi. Onun üçün bu gün oynamaq asan deyildi. Eləcə də Musa üçün. Əməliyyatdan sonra hələ tam öz optimal formasından uzaqdır. Onların bugünkü hazırlığına görə performansından razı qaldım. Dinamikanı tam qoruyub-saxlaya bilmirdilər. Bəzi texniki səhvlər olurdu. Amma diqqətləri oyunda idi. Mənim üçün vacib olan odur. Pis alınmadı. Ümumən vacib olan onların məşqdəki hazırlıqlarıdır. Bu cür davam etsələr, hər ikisinin idman forması daha yaxşı olacaq. İmkan, şans olduqca, formalarını geri qaytaracağıq.
"Sumqayıt" zəif komandalardandır, amma onlara çətinliklə qol vurdunuz...
- Real yanaşaq. Hansısa komanda bizdən aşağı pillədədirsə, o demək deyil ki, biz onlara 4-5 qol vurmalıyıq. Özümüzdən güclü rəqibə qalib gəlmişik, özümüzdən zəifə də uduzmuşuq. Statistikaya görə deyirəm. "Sumqayıt"ın turnir cədvəlindəki yeri aşağı pillədə olsa da, onların özünəməxsus oyun üslubu var. Ən intizamlı müdafiə olunan oyunlarından biri idi. Çox bəyəndim. Kəsərli əks-hücumları var idi. Futbolda belə termin yoxdur ki, zəif komandaya mütləq 4-5 qol vurmalıyıq. Heç kimə zəif gözü ilə baxmırıq. Bu həmin "Sumqayıt"dır ki, ötən mövsüm avrokuboklara vəsiqə qazandı. Onların ötən mövsüm də uğursuz seriyası var idi, ancaq onlar bizə burada qalib gəldi. Özü də biz əsas heyətlə oynayırdıq. Futbol elə səviyyəyə gəlib çıxıb ki, istənilən komanda digərinə qalib gələ bilər. Vacib olan futbolçuların meydandakı düşüncəsi, intizamlı oyunu, dinamikasıdır. Belə olduqda, uduzsaq da, bəzən məyus olmuruq. Elə oyunlar var ki, istəksiz, dinamikasız uduruq, ya uduzuruq. Bu da məni narahat edir. Bu gün qalib gəlməsəydik də, futbolçulardan razılıq bildirəcəkdim. Çünki neçə oyundur ki, xeyli rotasiyalar edirik. Qarşımzıda çox yaxşı məşqçi, çox yaxşı kollektiv var idi.
Qol epizodlarınız çox olsa da, dəyərləndirə bilmirsiz. Bu şanssızlıqdır, yoxsa necə?
- Məncə, qollar gələcək. Çünki biri var qol epizodu yarada bilməyək, ya onların sayı az olsun. Qol vurmamağa gəlincə...Ola bilər ki, hansısa seriyada, periodda çətinlik yaranır. Amma ümumən o oyunçulardır ki, bunu daha yaxşı bacarırlar. Bəlkə bəzən öz idman formasından uzaq olurlar, bəlkə oyunlara psixoloji olaraq daha yaxşı hazırlaşa bilmirlər. Ancaq onlar həmin oyunçulardır ki, daha yaxşısını bacarırlar. Onlara güvənirəm, inanıram. Rəqibləri də nəzərə almalıyıq. Hər bir futbolçumuza çox ciddi yanaşırlar. İnanıram ki, daha yaxşı nəticələr bizi gözləyir.
"Ayaks"ı təhlil etməyə başlamısız?
- Tam yox. Qarşıdakı günlərdə başlayacağıq.
Avrokuboklarda son dörd oyunda uduzduqdan sonra növbəti görüşlərə köklənmək çətin olmayacaq?
- Allah qoysa, olar. Bizim məğlubiyyətimiz meydandakı oyunumuza görə olsa, narahatçılıq verə bilər. Amma oyunu götürsək, məğlub olacağımız oyunlar deyildi. Bizə çox ciddi yanaşırlar. Əvvəllər bizə bəlkə bir o qədər ciddi yanaşmırdılar. İnanın ki, Avropada rəqiblər bizimlə oyunda hətta öz oyun üslubundan çıxırlar. Bizə qarşı tam başqa oyun üslubu qururlar. Bizimlə oyunda ya beşli müdafiə oynayırlar, ya da birəbir. Bu bir tərəfdən bizi sevindirir. Demək ki, bizə böyük dəyər verirlər. Bu cür hallara hazır olmalıyıq. Ruhdan düşmədən, rəqibdən asılı olmayaraq, yaxşı nəticə üçün hazırlaşacağıq.